Yediyimiz qidalar infarkt və insult riskini artırır - NƏYƏ DİQQƏT?

Duz isə ürək üçün zərərli qidalar arasında ikinci yeri tutur


  Sağlam həyat tərzinin təməli məhz düzgün qidalanma hesab olunur. Sağlam və düzgün qidalanma isə birbaşa insanın özündən asılıdır. Həkimlər hər zaman xəstələrlə işləyən zaman onların qidalanma rejiminə individual yanaşırlar. “Qidalanma zamanı hər kəs mütləq bu cür qidalanmalıdır”- deyə bir anlayış yoxdur. Ümumiyyətlə, qidaları yaxşı və ya pis qida kimi qruplaşdıra bilmərik. Araşdırsaq, hər bir qidada insan sağlamlığı üçün faydalı minerallar tapmaq mümkündür. Ümumiyyətlə, hər bir insanın qida rasionunda meyvə-tərəvəz, ət, balıq, yumurta kimi həyat üçün zəruri qidalar olmalıdır.

  Lakin istifadə etdiyimiz bəzi qidalar bir çox ölümcül xəstəliklərin yaranmasına səbəb ola bilər. Gündəlik həyatımızda istifadə etdiyimiz  qidaların bir çoxu  infarkt və insult riskini artırır. İngiltərəli professor- kardioloq Gerald Carr-Vayt bir sıra qidalarla bağlı xəbərdarlıq edib və diqqət etməli olduğumuz qidaları açıqlayıb: “Donuz əti və kolbasa kimi yüksək duz tərkibli ətlərdən uzaq durmaq lazımdır. Nahar vaxtı çipsli vetçina və pendirli sendviç kimi yeməklər yemək düzgün deyil. Axşam yeməyində də balıq, çips, pizza və hazır yeməklər yemək tövsiyə olunmur. Onların da tərkibində yüksək miqdarda duz mövcuddur. Duz təzyiqin yüksəlməsində mühüm rol oynayır. Eyni zamanda infarkt və insult riskini artırır” .



  Professor təzyiq xəstəliyinin səbəb olduğu digər problemlərə də diqqət çəkib və insanları ehtiyatlı olmağa çağırıb: “Hipertoniya müalicə olunmadıqda böyrək, ürək-damar, iflic və görmə itkisi kimi bir çox xəstəliklərə səbəb olur. Yüksək qan təzyiqinin qarşısını almağın qızıl qaydası sağlam qidalanmadır. Müalicə olunmayan yüksək qan təzyiqinin ömrü qısaltdığı deyilir”.

  Ürək-damar cərrahı Ramin Əliyev isə “Şərq”ə açıqlamasında deyib ki, ürək-damar xəstəliklərinin ən böyük yayılma səbəbi genetikadır, irsiyyətdir, amma bu, yeganə səbəb deyil və ürək-damar xəstəliklərinin bir çox faktorlar, səbəbləri var. Bunların da başında qidalanma rejimi və siqaret gəlir. Yediyimiz qidaların keyfiyyətsiz olması ürək-damar xəstəliklərinin əmələ gəlməsində və sürətlə inkişaf etməsində çox önəmli bir səbəbdir: “Ölkəmizdə heyvan mənşəli yağlardan, ətlərdən mətbəxdə çox istifadə edilir. Bu isə ürək-damar xəstəliklərinin daha cavan yaşda və daha şiddətli formalarda qarşımıza çıxması ilə nəticələnir.  Qırmızı ətin tərkibində olan doymuş yağların miqdarının çoxluğuna görə, onun qida rasionunda istifadəsini minimuma endirmək lazımdır. Qırmızı ət əvəzinə, daha çox balıq və quş ətinin yeyilməsi məsləhət görülür.
  Dünyanın inkişaf etmiş ölkələrində də qidalanma rejimi bu xəstəliyin yayılmasının səbəblərindən biri hesab olunur. Həmin ölkələrdə hazır qidaların çox miqdarda istehlak olunması bu xəstəliklərin geniş vüsət almasına gətirib çıxarır.
  Duz da  ürək üçün zərərli qidalar arasında ikinci yeri utur. Duzun yeməklərdə həddindən artıq istifadəsi hipertoniya xəstəliyinin yaranmasına səbəb olur. Arterial təzyiqin yüksəlməsi ürək-damar xəstəliklərinə gətirib çıxaran əsas faktorlardan biridir. Spirtli içkilər ürək üçün xüsusilə ziyandır. Belə ki, ürəyin qəfləti dayanmasına və infarktın baş verməsinə səbəb ola bilir. Tərkibində spirt olmayan, lakin kofeini yüksək olan enerji içkilərinin qəbulu xüsusilə təhlükəlidir. Enerji içkiləri aritmiyanın yaranmasına və qəfləti ürək dayanmasına səbəb olur. Bundan başqa, enerji içkilərinin tərkibindəki şəkər bütün orqanizmlə yanaşı, ürək üçün də ziyandır. Müxtəlif un məhsullarının ürək üçün ziyanı danılmazdır. Unlu məhsulların tərkibindəki karbohidratın çoxluğu xolesterinin yüksəlməsinə səbəb olur. Xolesterin isə damarları zədələyən və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan ən vacib faktorlardan biridir. Müasir həyatın ayrılmaz hissəsi olan, xüsusilə də gənclərin sevdiyi qidalar yəni “fast-food” ürək üçün ən zərərli qidalar siyahısındadır. İlk növbədə piylənmə və artıq çəki yaratması ürək xəstəliklərinə yol açan əsas faktorlardan biridir. Bundan başqa, “fast-food”un tərkibindəki zərərli yağlar damar divarlarında piylərin toplanmasına və damarların funksiyasının zəifləməsinə səbəb olur. Damarların zədələnməsi nəticədə ürək-damar xəstəliklərinə yol açır”.

  Ürək və damarların sağlam olmasının bir çox xəstəliklərin qarşısının alınması baxımından da önəmli olduğunu vurğulayan cərrah ürək-damar xəstəliklərindən qorunmaq üçün aşağıdakı məsləhətlərə əməl etməyi tövsiyə edib. Onun sözlərinə görə, ürək üçün ən faydalı qidalardan biri E vitamini ilə zəngin olan zeytundur: “Zeytun təzyiqi, xolesterolun səviyyəsini aşağı salır, trombların əmələ gəlməsinin qarşısını alır və stresdən qoruyur. Ən faydalı qidalardan biri də dənli bitkilərdir. Bu bitkilər insultun əlamətlərindən xilas edir, qan şəkəri ilə mübarizə aparır. 
Damarların öz vəzifəsini daha yaxşı yerinə yetirməsinə kömək olur. Hər gün səhər yeməyində yulaf yeyərək sağlam həyata addım ata bilərsiniz. Paxlalılar isə digər bitki mənşəli qidalardan daha çox proteinlə zəngindir. Ürəyin dostu, stressin düşməni sayılan B vitamini, dəmir və kalsium mənbəyidir. Lifli olduğu üçün bağırsaqların nizamlı çalışıb, boşalmasına imkan verir. Ürəyin fəaliyyətini tənzimləyən digər qidalar  yaşıl tərəvəzlərdir. Onlar qan təzyiqini tənzimləyir, tərkibindəki vitamin və mineral birləşmələri isə diabetdən mühafizə edir, damarların divarlarını qoruyur. O cümlədən, qızıl balıq, tuna, skumbriya kimi balıq növləri tərkiblərindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan ən önəmli qidalar siyahısında yer alırlar. Badam - B2 və E vitaminləri, maqneziumla zəngindir. Badam ürək üçün ən vacib qidaların önündə gəlir. Gündə bir ovuc badam yemək tövsiyə olunur. Tünd şokolad  streslə mübarizə aparır. Ürək üçün də çox faydalı sayılır.  Albalı- xolesterin səviyyəsini, yağlanmanı azaldır.
  Pomidor  isə  ürək sağlamlığı üçün ən vacib maddələrdən olan likopenlə zəngindir, antioksidant deposudur. Qırmızı bibər də pomidor kimi likopen mənbəyi sayılır. Həm də çox lifli qidalardan biri, antioksidant, A və C vitaminləri ilə zəngindir.
  Süd  tərkibindəki kalsium və potasium sayəsində qan dövranını nizamlayır, ürəyin əzələsini möhkəmləndirir. Ona görə də bol süd içmək lazımdır.
  Kişmiş - ürəyin dostu sayılan əsas qidalardan biridir. Onun tərkibindəki potasium sayəsində qan təzyiqi aşağı düşür. Arpa, şirin kartof, mərcimək, qızılbalıq və sardiniya balığı, çuğundur, avokado, yulaf, çay, sarıkök, qoz, soğan sarımsaq, alma, yağsız dana əti, kivi, banan, yer fıstığı, ispanaq, çuğundur yarpağı, noxud, göbələk, portağal, qarpız, çiyələk, boranı tumu, kətan toxumu da ürəyin dostu olan qidalar siyahısındadır”.