Analar məlumatsızdır: Sağlam uşaqlara balıq yağı...

Dünyada uşaqlar üzərindən balıq yağını reklam edib qazanan həkimlər  çoxdur


Yay aylarında balıq yağı qəbulu məsləhətli deyil. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq Nigar Həsənova deyib.
Yay aylarında meyvə və tərəvəzlərin bol olduğunu söyləyən mütəxəssis bildirib ki, bunlardan istifadə etmək daha məqsədəuyğundur. Həkim həmçinin yay aylarında balıq yağlarından və digər vasitələrdən qida əlavəsi kimi istifadə etməkdə heç bir problemin olmadığını qeyd edib.
 
 Pediatr-allerqoloq Xəyalə Quliyeva isə  “Sherg.az”a açıqlamasında deyib ki, uşaqlara nə yayda, nə də digər aylarda balıq yağı vermək  məsləhətdir. Balıq yağı tərkibli dərmanlar əvəzinə  uşaqlara Omeqa 3 tərkibli qidalar vermək daha  məqsədəuyğundur. Onun sözlərinə görə, Omeqa 3 yağları orqanizm tərəfindən sintez edilmədiyi  üçün  bunun kənardan dəstəyi çox əhəmiyyətlidir: “Omeqa 3 immunitet sistemini gücləndirməyə kömək edir, uşaqların beyin funksiyalarına və zehni inkişafına müsbət təsir göstərir. Göz, sümük, dəri sağlamlığını qoruyur.
  Zəkanın inkişafında  mühüm əhəmiyyət kəsb edir, ürək xəstəlikləri,  piylənmə, şəkərli diabet riskini azaldır. Yuxu  pozğunluğunu qaydaya salır. Övladınız balıq yemirsə qida rasionuna bu qeyd edəcəyim qidaları əlavə etməklə onların Omeqa 3 tələbatını ödəyə bilərsiniz. Yumurta, kətan toxumu, çia toxumu, qoz, brokoli, ispanaq, yaşıl və şirin bibər, kabak, avakado, lobya, gül kələmi, pasterize olunmuş süd v s. Uşaqların Omeqa 3 tələbatını  dərmanlarla deyil,  məhz bu qidaları övladlarınıza  yedirtməyə çalışın. 
  Pediatr Aytən İsmayılzadə də  hesab edir ki, sağlam uşaqlara profilaktik olaraq balıq yağı verməyə ehtiyac yoxdur. Dünyada  uşaqlar üzərindən balıq yağını reklam edib qazanan həkimlər  çoxdur: “Deyim ki, o dərmanları təyin edən  həkimlər də, alan analar da məlumatsızdır. 
Balıq yağının qəbulu bədəndə yağların tarazlığını qorumaq üçün lazımdır. Amma bu, piylənib sərhədləri keçəndə deyil, artıq çəki, qaraciyər piylənməsi astanasında, ürək-damar xəstəlikləri, aterioskleroz kimi damar tıxanıqlıq problemlərinin profilaktikası, saç, dırnaq, dəri xəstəlikləri və s. zamanı qəbul edilir. Əgər insan düzənsiz qidalanmaq məcburiyyətindədirsə, məsələn, hər gün işdə ancaq trans yağlı dönər ya hamburger yeyə bilirsə, bunun yanında bir-iki kapsul balıq yağı qəbul etməsində fayda olacaq. Uzun müddət, hətta illərlə. Uşaqlara isə beyin, zehin, yaddaş, immunitet, iştah üçün balıq yağı vermək doğru deyil. Bütün bunlar genetikdir. Həm genetik, həm də günlük məşğuliyyətə bağlıdır. İmmuniteti güclənsin deyə uşağa bir ay balıq yağı verməyin orqanizmə  heç bir  faydası yoxdur. Əksinə, əvvəla, valideynlərin  cibinə ziyandır.  Bu dərmanlar kifayət qədər bahalı olur.  Həm də ki, balıq yağı istehsal edilərkən tərkibində ağır metalların qalması qaçılmazdır. Bu isə uşağa bir ay boyu, hər gün ağır metal vermək deməkdir. Ona görə də  hamilələrə və  3 yaşa kimi uşaqlara qətiyyən  balıq yağı verməyi tövsiyə etmirəm”.
  Pediatrın sözlərinə görə, balıq və dəniz məhsullarını isə həftədə iki dəfə yemək  məsləhət görülür.