Bu havalarda isti çay içmək olmaz!  -Ürəyə təhlükəlidir

  “Ürək çatışmazlığı ürəyin bədənin normal ehtiyaclarını ödəmək üçün lazım olan qan dövranını təmin edə bilmədiyi mürəkkəb bir sindromdur”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında ürək-damar cərrahı Ramil Əliyev deyib. Onun sözlərinə görə, disfunksiyaya müxtəlif ürək-damar xəstəlikləri səbəb ola bilər. Ən geniş yayılmış səbəb isə koronar ürək xəstəliyi, yüksək təzyiq və qapaq xəstəliyidir: “Ürəyin qan vura bilməməsi, qan dövranının pozulması xroniki hala gəldikdə, ürək funksiyasının daha da pisləşməsinə səbəb ola biləcək orqanizmdə neyrohormonal kompensasiya mexanizmlərini işə salır. Yaş artdıqca ürək çatışmazlığı halları da çoxalır. Xroniki ürək çatışmazlığı 60 yaşdan yuxarı şəxslərin 10 faizində müşahidə edilir. 70 yaşdan yuxarı şəxslərdə isə bu, 50 faiz təşkil edir”.
  Cərrah deyib ki, ürək çatışmazlığına miokardial daralmanın pozulması və ya ürək divarlarının sərtləşməsi və ya əksər hallarda bunların hər ikisi eyni anda səbəb ola bilər: “Ürək çatışmazlığı ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan klinik ölümlə nəticələnə bilən funksional pozğunluqdur. Ürək çatışmazlığı müstəqil xəstəlik deyil, müxtəlif ürək-damar patologiyalarının: işemik xəstəlik, ürəyin qapaq qüsurları, kardiomiopatiya, arterial hipertenziya və s. fəsadı kimi inkişaf edir. Kəskin ürək çatışmazlığı ağciyər ödemi və kardiogen şokun yaranması baxımından təhlükəli sayılır. Xroniki ürək çatışmazlığı orqanların hipoksiyasına gətirib çıxarır. Əsas əlamətləri yorğunluq, təngnəfəslik, barmaqların uclarının və dodaqların göyərməsi, nizamsız ürək döyüntüsü, iştahsızlıq, sinə ağrısıdır. Ürək çatışmazlığının müalicəsi ilkin səbəbin (ÜİX, hipertoniya xəstəliyi, revmatizm, miokardit və s.) aradan qaldırılmasına yönəldilir. Mexaniki baryer rolunu oynayan ürək qüsurları, ürək anevrizması, konstruktiv perikardit zamanı əksər hallarda cərrahi müdaxilə həyata keçirilir”.
  Həkim ölkə ərazisində hökm sürən isti hava şəraiti ilə bağlı da ürəyi zəif və ya xəstə olan insanlara xəbərdarlıq edib. O həmçinin qeyd edib ki, isti hava hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli ola bilər: “Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə tərləməni və orqanizmin su itkisini artırır. Bu su ilə birgə lazımi elementlər, minerallar – natrium, maqniy, kalium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə ürəyə qan dövranı miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Maye azlığı nəticəsində ürək əzələləri daha tez-tez yığılıb açılmağa başlayır. Qanın maye hissəsi plazma istidən azalır, bu da qanın laxtalanmasını artıraraq, tromb, tromemboliya, ürək tutulması yaradır. Sağlam insanın ürəyi istiyə yorğunluq, halsızlıq və təngnəfəsliklə reaksiya verir”.
  Cərrahın sözlərinə görə, ürəyi zəif və xəstə olanlarda isə vəziyyət həyati təhlükəli ola bilər. Ən təhlükəlisi infarkt və tromboemboliyadır: “Susuzluğu yatırtmaq üçün qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil, gün ərzində tez-tez adi təmiz su için. Suyu az-az, tez-tez içmək lazımdır. Ürəyi zəif olanlar sıx alt geyimi, rezinli geyimlər, sintetik parçalar istifadə etməməlidir. Mütləq başında papaq və ya çətirlə gəzməlidir”.