Ürək çatışmazlığı çox ciddi xəstəlikdir - Həkimdən AÇIQLAMA


Zamanında müalicə olunmasa ölümlə nəticələnir

  Səhiyyə Nazirliyi Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova deyib ki, ürək çatışmazlığı müşahidə olunan xəstələrin müalicəyə ciddi yanaşması çox vacibdir. Onun sözlərinə görə, ürək çatışmazlığı ürəyin fəaliyyətinin pozulması və orqanizmin oksigen ehtiyacına olan tələbatını uyğun təmin edə bilməyən kliniki vəziyyətdir. Ürək qanı bədənin hüceyrələrinə çatdırır, ürək çatışmazlığı halında isə hüceyrələri kifayət qədər qanla təmin edə bilmir. Ürək çatışmazlığı həm kəskin, həm də xroniki xəstəliklərin dekompensasiya əlamətidir:
“Ürək çatışmazlığı iki cür gedişata malikdir: kəskin və xroniki. Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə kəskin vəziyyətlər: ürək ritminin kəskin pozğunluğu, travma nəticəsində meydana çıxan ürək tamponadası, ürək qapaqcıqlarının vətər elementlərindən birinin qəfləti qırılması, infeksion miokardit, ağciyər emboliyası, kəskin miokard zədəsi. Kəskin gedişatda meydana çıxan bu patoloji funksional dəyişikliklərə orqanizm hazır olmadığına görə ürək çatışmazlığının kompensasiya mərhələsi olmadan dekompensasiya mərhələsi başlamış olur.
  Xroniki ürək çatışmazlığı isə bir aydan bir neçə ilə qədər müddətdə inkişaf edərək uzun sürür. Bu proses ləng və uzun sürdüyü üçün orqanizmin kompensator mexanizmləri ilə xarakterizə olunur. Bu mərhələ kompensasiya olunan ürək çatışmazlığı adlanır. Orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya mərhələsi başlayır, ödem və dispnoe (təngnəfəslik) kimi şikayətlər yaranır. Təngnəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərməyə başlayır.
  Ürək- damar cərrahı Ramil Əliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, ürək hər vurduğunda açılıb yığılan bədənə qan pompalayan bir əzələdir. Ürək çatışmazlığında ürək doğru formada işləməyəcək qədər zəifləyir. Bu ürəyin lazımınca qüvvətlə yığılmadığı və ya lazımınca qanla dolmadığı mənaya gəlir. Beləliklə bədən daha az qan pompalamış olur: “Ürək çatışmazlığı, əsasən ürək damar xəstəliyi, miokard infarktı və ya yüksək təzyiq kimi xəstəliklər fonunda ürək əzələsinin zədələnməsindən qaynaqlanır. Ürək çatışmazlığına səbəb olacaq digər xəstəliklər isə ürək qapağı və ürəyin əzələ xəstəliyi, anadangəlmə ürək xəstəlikləri, şəkər xəstəliyi, xroniki böyrək xəstəliyi, ağciyər xəstəlikləridir. Ürək çatışmazlığı çox ciddi bir xəstəlik olub, zamanında müalicə edilməzsə həyatı təhlükə riski daşıyır. Bununla birlikdə, zamanında bilinib normal şəkildə müalicə edilərsə, xəstələr uzun və sağlam bir həyat yaşayarlar.
Ürək çatışmazlığı – miokardın yığılma qabiliyyətinin zəifləməsi, böyük və yaxud kiçik qan dövranında durğunluq nəticəsində yaranan kəskin və ya xroniki vəziyyətdir. Sakitlik və ya cüzi fiziki yüklənmə zamanı təngnəfəslik, ödem, dırnaqlar və burun-dodaq üçbucağının sianozu (göyərməsi) ilə özünü büruzə verir. Kəskin ürək çatışmazlığı ağciyər ödemi və kardiogen şokun yaranması baxımından təhlükəli sayılır. Xroniki ürək çatışmazlığı orqanların hipoksiyasına gətirib çıxarır. Ürək çatışmazlığı insan ölümünün ən çox rast gəlinən səbəblərindən hesab olunur. Xroniki ürək çatışmazlığı əhalinin 0,5-2 faizdə müşahidə olunur, 75 yaşdan sonra isə onun yayılması təxminən 10 faiz təşkil edir. Ürək çatışmazlığı probleminin aktuallığı ondan əziyyət çəkən pasiyentlərin sayının dayanmadan artması, ölüm və əlillik göstəricilərinin yüksək olması ilə əlaqədardır. Risk amilləri sırasına aşağıdakılar daxildir: fiziki və emosional gərginliklər; aritmiya, hipertenziv krizlər, pnevmoniya, KRVİ, anemiya, böyrək çatışmazlığı, hipertireoz; kardiotoksik preparatlar, mayenin ləngiməsi, bədən çəkisinin ifadəli və sürətlə artması, alkoqolizm.
Kəskin ürək çatışmazlığı qəflətən inkişaf edir. Qısa bir müddət ərzində xəstədə təngnəfəslik artır, nəfəsalma tezləşir, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər.