Maskalı günlər yenə qayıdır  - İnfeksionistdən XƏBƏRDARLIQ

Koronavirusun yeni ştamı Azərbaycana da gələcək

“Tədbirlər əvvəlki kimidir, gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etmiriksə, evdə qalmaq, maskadan istifadə etmək...”


  “Qlobal dünyada nə varsa Azərbaycanda da olacaq. Yəni əgər COVID-19-un yeni EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək”.
  Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
ÜST rəsmisinin sözlərinə görə, bir neçə müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım var: “Lakin insanlar təşvişə düşmədən özlərini qorumağa davam etməlidirlər. Azərbaycan qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Yəni əgər EG.5 ştamı dünyada geniş yayılsa, Azərbaycana da gələcək”.
  H.Harmancı deyib ki, pandemiya zamanı Azərbaycanın səhiyyə sahəsini səfərbər edə bildi, tibb işçilərini bir araya gətirdi və eləcə də əhaliyə düzgün statistikanı verdi. O vurğulayıb ki, ölkə bununla vacib işləri görməyi bacardı: “Yeni ştamlara qarşı görüləcək tədbirlər əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etmiriksə, evdə qalmaq, maskadan istifadə etmək və s. Yeni EG.5 ştamının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur”.
  Qeyd edək ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib.
   Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov  da hesab edir ki, COVID-19-un "Omikron" ştamının yeni altnövü EG.5 əvvəlki digər altnövlərdən daha yüksəksəviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir. İnfeksionistin sözlərinə görə, yəni təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni altnövlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır: “Yayılma sürəti həmin növün insanlarda koronavirusa qarşı mövcud immunitetdən yayınmaq qabiliyyəti ilə müəyyən olunur. Beləliklə bu növlərdən biri və ya bir neçəsi daha çox yayılır və müəyyən vaxt ərzində dominantlıq edir. Bu hal sonradan daha sürətli variantın peyda olmasınadək davam edir”. Mütəxəssis qeyd edib ki, hər yeni sürətli variantın əmələ gəlməsi anında müəyyən narahatlıqlar yaranır: “Lakin indiyədək bu alt variantın daha ağır hallar törətməsinin sübutu yoxdur. Yəni, intensiv terapiya bloklarında artım müşahidə olunmur, bu infeksiyadan ölüm halları isə azalmaqda davam edir”.
  T.Eyvazov vurğulayıb ki, istənilən halda epidemioloji proses diqqətlə izlənilməlidir: “Azərbaycanda EG.5 ştamının olması barədə rəsmi məlumat yoxdur. Ümumilikdə koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olsa, əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir.  Hələ ki, ölkədə epidemioloji durum nəzarətolunandır, yoluxuculuq minimal həddədir. Lakin artımlar olsa, xüsusən də payız-qışa mövsümündə nəinki koronavirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər bir şəxs tərəfindən ciddi əməl olunmalıdır. Mövsümlə əlaqədar risk qrupuna daxil olan şəxslər qripə qarşı, o cümlədən koronavirusa qarşı peyvənd olunması məsləhətdir. İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska geyinmək və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyacın olmayacağı güman olunur. Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izlənilir və bütün mümkün qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır”. 
  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev isə deyib ki,   koronavirusun yeni ştamları immunitetdən yayındığı üçün təhlükəli sayılır. Onun sözlərinə görə, hazırda qonşu ölkələrdə “Omikron” ştamının alt variantlarına yoluxma hallarına rast gəlinir.  İnfeksionist bildirib ki, “EG.5”lə yanaşı başqa daha bir təhlükəli variant da hazırda müşahidə edilməkdədir. Amma yoluxma halları artsa da, xəstəxanalara müraciətlərin sayı hələ ki, qorxulu həddə deyil: “Bu növlərin Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə artıq aşkarlanıbsa, ölkəmizdə də gələcəkdə aşkarlanma ehtimalı istisna deyil. Ona görə də vətəndaşlara gigiyenik qaydalara əməl etməyi tövsiyə edirəm”.
  İnfeksionistin sözlərinə görə, koronavirusa yoluxma 65 faiz artsa da, ölüm riskində 48 faiz azalma var. Yeni variant sürətli yoluxuculuğa malik olsa da,  yoluxmanın artmasının karantinin sərtləşdirilərək, yenidən maska rejiminin tətbiq olunmasına gətirib çıxaracağını düşünmürəm. Çünki önəmli olan yoluxma sayının artması deyil, eyni zamanda xəstəliyin ağırlıq dərəcəsidir. Hansı ki hazırda bu gözlənilmir. Virusun yeni növünün dünyada yayılaraq ölkəmizə necə təzahür etməsinə diqqət edilərək bir qərar qəbul edilə bilər. Xəstəliyin gedişatını izləyərək ona uyğun tədbirlərin hansı formada atılıb-atılmayacağına qərar verilə bilər".