Gündə ən az 8 saat yatın

Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarır

Hazırda bir çox insan yaddaş zəifliyindən şikayət edir. Bununla bağlı həkimə müraciət edənlər də kifayət qədərdir.  Ən pisi də odur ki, yaddaşın zəfiləməsi və diqqətsizlik gənclər arasında da çoxalıb.

“Mənim yaddaşım çox zəifdir. Məsələn, indicə bitirdiyim kitabla bağlı soruşurlar, 1 cümlə deyə bilmərəm ki, nə haqdadır”. “Yaddaşım çox zəifdir, günü gündən çox pis olur. Nəyi hara qoyuram, oxuduğum dərslər hamısı yadımdan çıxır”. Həm sosial şəbəkələrdə, həm də gündəlik ünsiyyətlərdə bu kimi şikayətlər eşidirik. 
 
 Həkimlərin e-səhifələrinə, sosial media hesablarına ən çox ünvanlanan müraciət də   elə “yaddaşımı gücləndirmək üçün hansı vasitələrdən istifadə edim” sualıdır. 

  Həkim-nevroloq  Qalib Əsədov isə “Sherg.az”a açıqlamasında deyib ki, gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxara bilər: 

“Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də, son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd etdiyimiz amillərdir. Yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağa, hər gün eyni saatda yatıb durmağa və fiziki işlə məşğul olmağa çalışmaq lazımdır. 


Qeyd etməliyik ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək bacarığına malikdir. Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik. Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu həm də, yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir. Yaddaşın zəifləməsinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir. İdmana zaman ayırmaq, eyni zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsində sizə yardımçı olacaqdır. Alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, həddən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında keçirən insanlar televizora daha az baxanlara nisbətən 50 faiz daha çox yaddaş zəifliyinə məruz qalırlar. Fiziki məşq zehni fəaliyyətə köməkçi olar. Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirər. Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın”.