"Eris" variantı sərhədimizə çatıb

Koronavirusun yeni ştamı Azərbaycanda da aşkarlanacaq

Həkim-infeksionist deyir ki, qabaqlayıcı tədbirlər gözardı edilməməlidir

Koronavirusun yeni variantı, deyəsən yavaş-yavaş ölkəmizə doğru hərəkət edir. Türkiyədə 9 nəfərdə COVID-19-un variantlarından olan omikronun mutasiyaya uğramış “EG.5.1.” “Eris” virusu aşkarlanıb. Rusiya, Gürcüstan, Ermənistanda da COVID-19-un mutasiyaya uğramış variantına yoluxma halları qeydə alınıb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca bununla bağlı sosial media hesabındakı paylaşımında qeyd edib ki, yoluxanlar eyni əyalətin sakinləridir və bu şəxslərin xarici ölkələrlə təmasları var. Bununla yanaşı nazir narahatlığa əsas olmadığını da deyib: “Eris”in aşkarlanması ilə bağlı narahatlığa səbəb yoxdur. Pandemiyanın ilk vaxtlarına dönüş olmayacaq. Bu vəziyyət başqa ölkələrdə adi haldır. Bizdə də ola bilərdi. Yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq”. Ümumdünya Səhiyyə Təşkilatı da koronavirusun “Eris” variantının müşahidə edilməsini təsdiq edib. Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı ("Eris") qeydə alınıb. Bu, omikron ştammının yeni versiyasıdır. Ölkəmizdə koronavirusun yeni variantına yoluxma ilə bağlı mövcud durum barədə açıqlama yayan Səhiyyə Nazirliyi bildirir ki, Azərbaycanda koronavirusun "Eris" variantının olması barədə rəsmi məlumat yoxdur.
  
“Sherg.az”a açıqlama verən həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, bəzi ölkələrdə, o cümlədən də qonşuluqda koronavirusun yeni ştammına yoluxma halları olması qabaqlayıcı tədbirləri zəruri edir:

- Bu tədbirlər bildiyimiz sanitar-gigiyenik qaydalar, qoruyucu tədbirlər, peyvəndləmədir. Əhali yenə də mümkün qədər qorunmağa çalışmalıdır. Tibbi maskalardan istifadə etmək məsləhətdir, xüsusən sıxlıq olan yerlərdə, ictimai nəqliyyatda. Kütləvi tədbirlər zamanı. Biz ötən dəfə də məsləhət gördük ki, vətəndaşlarımız mövsümi qrip xəstəliyinə qarşı peyvəndlənsələr yaxşıdır. COVID-19-un da, onun sonrakı ştammlarının da əlamətləri qrip xəstəliyinin əlamətlərinə çox oxşardır. Hazırda mövsüm dəyişikliyi baş verməkdədir. Mövsüm dəyişikliyi zamanı orqanizm həssaslaşır, infeksiyalara, viruslara qarşı həssas olur. İqlimdəki kəskin dəyişmələr də orqanizmə mənfi təsir edir, immunitet zəifləyir. Belə halda orqanizm xəstəliklərə qarşı gücsüzləşir. İmmuniteti qaldırmaq, orqanizmi möhkəmləndirmək lazımdır. Həmişə olduğu kimi yenə də kiçikyaşlı uşaqlara, yaşlılara, xroniki xəstəlikləri olanlara diqqət göstərilməlidir. Nəzərə alaq ki, tədris ili də başlayıb, uşaqlar həmyaşıdları ilə daha çox təmasda olacaqlar. Hər uşaq bir ailədən gəlir, yaxın təmaslar xəstəliklərin yayılmasına, yoluxma sayında artıma səbəb ola bilər. Hər kəs indiki həssas dövrdə sağlamlığına diqqət etməlidir.
  M.Əliyev qeyd etd ki, avqustun sonlarından etibarən respirator virus infeksiyalarına, bakterial xəstəliklərə çox rast gəlinir. Bu da onunla əlaqəlidir ki, isti havalarda əhali soyuq içkilərə, soyuq qidalara üstünlük verir, nəticədə ağız boşluğu, boğaz, qida borusu soyuqlayır və anginaya, faringitə çevrilir. Kəskin respirator infeksiyalara yoluxma sayındakı artım da mövsümlə bağlıdır. Lakin bu, hələ ki epidemik şəkildə deyil.

  M.Əliyev bildirdi ki, koronavirusun yeni ştammının ölkəmizə sirayət edəcəyi ehtimalı nəzərdən qaçmamalıdır. Yaxşı olar ki, qabaqlayıcı tədbirlər gözardı edilməsin:

- Hələ ki, koronavirusun yeni ştamları bizdə aşkarlanmayıb. Amma aşkarlanacağı ehtimalı var.