Gənclərin peyvəndlənməsinə ehtiyac yoxdur, amma...

Biz də Türkiyənin yolu ilə gedəcəyik

Ancaq immuniteti aşağı olan yaşlı təbəqə yenidən peyvənd olunmalı və sağlamlığını daha ciddi qorumalıdır
  
Türkiyə səhiyyə naziri Fahreddin Koca COVID-19-un Eris (Eg.5) variantı diaqnozu qoyulan xəstələrin sayının artdığını bildirib. EG.5-ə yoluxanlar arasında xəstəxanaya yerləşdirilmə nisbətinin kifayət qədər aşağı olduğunu vurğulayan nazir bu virusun daha yüngül keçdiyini və ağır xəstəliyə yol açmadığını deyib.
  F.Koca deyib ki, Eris variantına görə yeni peyvənd proqramına da ehtiyac yoxdur: “"COVID-19 ortaya çıxanda virusun bilinməyən tərəfləri çox idi. Ona görə də həm virus, həm də səbəb olduğu xəstəliklərlə mübarizə aparmaq üçün qısa müddətdə peyvənd hazırlanmalı idi. Bu kontekstdə biz qeyri-aktiv olaraq bilinən etibarlı qədim texnikalarla istehsal edilən TURKOVAC peyvəndini hazırladıq.
  İndiki prosesdə isə artıq virusu da, səbəb olduğu xəstəlikləri də. Biz bütün mutasiyaların təsirlərini və dəyişikliklərini izləyirik.
  Sonradan yaranan mutasiyaların heç birində virusun ilk ortaya çıxdığı zamandakı virulentliyində heç vaxt artım olmayıb.
  Yeni variantlar xəstəlik törədici gücü daha zəif olan mutasiyalardır və dediyim kimi, biz bunu diqqətlə izləyirik. Bu mənada Eris variantına qarşı hər hansı yeni tədbirə qətiyyən ehtiyac yoxdur. Bunu artıq dəfələrlə açıq şəkildə ifadə etmişəm”.
  Bəzi ölkələrin yeni varianta qarşı xüsusi peyvəndlər hazırladıqları və yeni peyvənd proqramlarına başladığı barədə açıqlamalarını xatırladan Koca, Türkiyədə belə bir peyvənd proqramının mümkün olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Hamımız şahidi oluruq ki, bəzi ölkələr peyvənd təzyiqi ilə nümunə göstərməyə çalışırlar. Lakin bəzi ölkələrin peyvənd təzyiqinə boyun əyməsi o demək deyil ki, biz də peyvənd təzyiqinə boyun əyəcəyik. Qlobal COVID peyvəndi təzyiqinə boyun əyməyimiz mümkün deyil. Türkiyənin öz proqramı var və sırf kimsə bunu istədiyi üçün peyvənd proqramı var. Biz öz proqramımızı həyata keçiririk və hazırda COVID-19 üçün yeni peyvənd proqramını həyata keçirməyi qətiyyən düşünmürük”.
  Səhiyyə naziri xəstələrin sayında artım olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. Eris variantının xəstəliktörətmə qabiliyyəti daha az olsa da yoluxuculuğu daha çoxdur: “Ona görə də xəstələrin sayında artım müşahidə edilir. Lakin xəstəxanaya yerləşdirilmə göstəriciləri kifayət qədər aşağıdır. Eris variantının digər respirator viruslardan heç bir fərqləndirici xüsusiyyətinin olmadığını bildirən nazir deyib ki, Eg.5 virusu da adi infeksion xəstəliklər kimi yüngül keçir. Ümumiyyətlə, COVID-19-da soyuqdəymə və qrip kimi yuxarı tənəffüs yollarının xəstəliyi olduğu üçün panikaya ehtiyac yoxdur. Bütün vətəndaşlarımıza, xəstə olanlara özlərini təcrid etməyi, küçəyə çıxmamağı, risk altında olanlara xüsusilə özünü qorumağı, izdihamlı mühitlərdən uzaq durmağı, zəruri hallarda maskadan istifadə etməyi tövsiyə edirik. Bundan əlavə nə başqa tövsiyəmiz, nə də yeni peyvənd proqramımız var. Ümumiyyətlə, xüsusi karantin rejminə və yaxud kütləvi peyvəndləmə proqramına ehtiyac görmürük”.
  Bu dövrdə qrip peyvəndinin daha əhəmiyyətli olduğunu xatırladan F.Qoca deyib ki, risk qrupuna aid olan və qrip peyvəndi tövsiyə edilən insanlara qrip peyvəndi pulsuz verilir: "Xüsusi bir məqamı qeyd edim ki, COVID-19-a qarşı peyvənd proqramımız yoxdur, amma uşaqlara vurulan peyvəndlərlə bağlı proqramımız uğurla davam edir və bunu çox vacib hesab edirik. Vətəndaşlarımız bu mövzuda həssas olmalı və uşaqlarımız tam şəkildə peyvənd edilməlidir”.
  Ankara Universitetinin professoru Alpay Azap isə hesab edir ki, virus o qədər dəyişdi ki, ilk hazırlanan peyvəndlərin hazırkı dəyişmiş variantlara qarşı effektivliyi çox azdı: “COVID-19- qarşı ən təsirli üsulun peyvənd olduğunu vurğulayan alim bildirib ki, dünyada yeni vaksinlər hazırlanır: “XBB.1.5 variantını ehtiva edən tək vaksin var. Bu, ən yeni peyvənddir və sentyabr ayından Şimali Amerika və Avropada istifadə üçün təsdiq edilib. Qış mövsümünə girərkən bu peyvəndin bir dozası ilə peyvənd olunmaq lazımdır. Lakin bu peyvənd hazırda geniş yayılmadığı üçün biz köhnə peyvəndi daha əvvəl peyvənd sxemini tamamlamış insanlara tövsiyə etmirik, lakin daha əvvəl COVID-19 peyvəndini tamamlamayan insanlara müalicəni tamamlamağı tövsiyə edirik”.
  Qeyd edək ki, Azərbaycanda da COVID-19-un Eris variantı ilə bağlı ciddi narahatlıq var. Hələlik rəsmi şəkildə bu virusa yoluxma faktı öz təsdiqini tapmasa da, infeksionsitlər dünyada və qonşu ölkələrdə sürətlə yayılan Eg.5-in Azərbaycana keçəcəyini istisna etmir.
 
 İnfeksionist Mərdan Əliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəyərləndirilib, digər ölkələrə nümunə göstərilib. Hazırda ölkəmizdə COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinməyib. 

Azərbaycanda peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədə olub: “EG.5 “omikron”un alt variantı olduğu üçün hər iki xəstəliyin əlamətləri oxşardır. Hərarət, öskürək, yorğunluq, burun axması, əzələ ağrıları, bəzi xəstələrdə ishal, dadbilmə və iybilmə hisslərinin azalması kimi simptomlarla özünü büruzə verir. Əlamətlərin bənzəməsi səbəbindən, adətən, xəstələr bunu soyuqdəymə və ya qrip virusu ilə qarışdırırlar. Ümumiyyətlə, EG.5 altvariantdır və xəstəlik yüngül gedişatlıdır. Lakin virusun sürətlə yayılmağı bütün dünyanı ciddi narahat edir”.
  
M.Əliyev deyib ki, peyvəndlənmə isə COVID-in bütün mutasiyalarının qarşısını müəyyən mənada alır və ən mükəmməl qorunma vasitəsi sayılır. İmmun sistemi zəif olan şəxslər, yanaşı xəstəlikdən əziyyət çəkənlər vaxtında peyvənd olunmalıdır. Qeyd etməliyəm ki, əhalinin böyük əksəriyyətinin son peyvəndlənmə müddətindən uzun zaman keçib və peyvəndin qoruma müddəti çox qısadır. Bu səbəbdən yeni virusa qarşı qorunma baryerimiz zəifdir. Əsasən, immuniteti aşağı olan yaşlı təbəqə yenidən peyvənd olunmalı və sağlamlığını daha ciddi qorumalıdır. Həm vaksinlərin üzərindən müəyyən müddət keçdikdə orqanizmin virusa dözümlülüyü azalır. Həm də vaksinlər yenidən düzəlməli və tərkibinə EG.5 variantı da daxil edilməlidir. Əvvəlki vaksinlər bədəndə immunitet yaradıb yeni ştama qarşı qoruyucu funksiya rolunu oynasa da, birbaşa təsir etmir. Ona görə də mütləq peyvəndlər də modifikasiya olunmalıdır”.