- Vaqif Qarayev: “Həkim də insandır, normal həyat yoxdursa bölgədə işləməyəcək”
- "Peşəkar həkimlərimiz var, amma onları bölgələrdə işləməyə həvəsləndirmək lazımdır, həvəsləndirici, stimul verən tədbirlər həyata keçirilməlidir"
Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi, həkim çatışmazlığı aktual problem olaraq qalır. Xatırladaq kİ, Milli Məclisin Səhiyyə komitəsinin ötən iclaslarının birində komitə sədri, akademik Əhliman Əmiraslanov da bu problemə toxunmuşdu.
Komitə sədri bildirmişdi ki, böyük şəhərlərdə bu problemə daha az rast gəlinir, ancaq bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmət göstərəcək müəssisələrin vəziyyəti ürəkaçan deyil. Ə.Əmiraslanov regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulamışdı. Və qeyd etmişdi ki, bəzən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olması, lazımi tibbi avadanlıqların olmaması və bəzən də həkim çatışmazlığı kömək göstərilməsi mümkün olan xəstələrin itirilməsiylə nəticələnir.
TƏBİB-in icraçı direktorunun müavini Rahim Hüseynov yenidən bu məsələyə toxunub, regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi resursların səmərəli bölüşdürülməsi istiqamətində təhlillərə başlandığını deyib. O qeyd edib ki, ilin sonunadək növbə probleminin əsas hissəsinin aradan qaldırılması nəzərdə tutulur: "İlk növbədə, ilkin səhiyyə xidmətinin təşkili modelinin formalaşdırılması üzərində işləyirik. Bu yanaşma müəyyənləşdikdən sonra həkimlərin yerləşdirilməsi və miqrasiyası ilə bağlı mərhələli addımlar atılacaq. Artıq bununla bağlı təhlillərə başlanılıb və konkret tədbirlər görülür. Ümid edirəm ki, ilin sonunadək icbari tibbi sığorta sisteminin əhatəsində müəyyən dəyişikliklərin şahidi olacağıq". Rahim Hüseynov bildirib ki, məqsəd yalnız həkim çatışmazlığı olan ərazilərə mütəxəssis göndərmək deyil, mövcud insan resurslarını ehtiyaca uyğun və səmərəli şəkildə bölüşdürməkdir: "Hazırda Bakıda və regionlarda həkim təminatı, çatışmazlıq və artıqlıq müşahidə olunan sahələr təhlil edilir. Elə tibb müəssisələri var ki, həkim fəaliyyət göstərsə də, müraciət edənlərin sayı az olduğundan onların potensialından tam istifadə olunmur. Buna görə də məsələyə yalnız “həkim çatışmır, ora həkim göndərək” prinsipi ilə yanaşmaq düzgün deyil”. İcraçı direktorun müavini əlavə edib ki, həkimlərin yerləşdirilməsi ilə bağlı qərarlar əhalinin tibbi xidmətə real tələbatı və xidmətlərin səmərəliliyi nəzərə alınmaqla veriləcək. 
Pediatr Vaqif Qarayev “Sherg.az”a bildirdi ki, ilkin tibbi xidmət səhiyyənin vacib sahəsidir. Bu sahənin inkişafı maddi-texniki bazanın gücləndirilməsi və peşəkar, ixtisaslı həkimlərin bölgələrə yönləndirilməsindən asılıdır. Bu isə mövcud vəziyyətdə çox çətin görünür:
- Bölgələrdəki səhiyyə müəssisələrində həm müasir tibbi avadanlıq problemi var, həm də kadr çatışmazlığı. Həkimlər də çatışmır, avadanlıq da. Bunun səbəblərini hökumət bilir. Bölgələrdə tibbi sahədə normal şərait yaradılmalıdır ki hər məsələyə görə insanlar paytaxta üz tutmalı olmasınlar. Kadr çatışmazlığı nədən yaranır? Həkim də insandır, ailəsi, övladları, özəl həyatı var onun da. Bölgələrdə ailənin qalması, yaşaması, təhsil, istirahət imkanları sıfırdırsa, həkim əlbəttə bölgə xəstəxanasında işləmək istəməyəcək. Maddi-texniki baza ilə yanaşı sosial şərait də normal olmalıdır ki həkim ürəklə çalışsın, ailəsi ilə birlikdə olsun. Gənc həkim, gənc kadrlar bölgələrə getmək istəmir. Harada yaşayacaq, hansı şərait onu gözləyir, bilinmir. Həkim işləməlidir, amma onun da normal həyatı olmalıdır. Peşəkar həkimlərimiz var, amma onları bölgələrdə işləməyə həvəsləndirmək lazımdır, həvəsləndirici, stimul verən tədbirlər həyata keçirilməlidir. Məsələn, Gürcüstanda bu məsələ həllini tapıb. Bölgələrdə işləyən həkimlərə əmək haqqından əlavə maddi müavinətlər verilir, güzəştlər tətbir olunur. Karyera üstünlükləri olur, mənzillə təmin edilirlər. Bizim ölkədə də bu sahədə dəyişikliklər edilsə, imtiyazlar tətbiq olunsa, bölgələrdəki tibb müəssisələrinin maddi-txniki bazası gücləndirilsə, səhiyyə orada da inkişaf edər. Pasiyentlər analiz vermək, MRT olunmaq üçün paytaxta üz tutmazlar.
V.Qaarayev bildirdi ki, həkim çatışmazlığının ehtiyaca uyğun və səmərəli şəkildə bölüşdürülməsi vacibdir:
- Biz demirik həkimlər ucdantutma bölgələrə göndərilməlidir. Təhll aparılmalıdır, hansı bölgədə, hansı regionda hansı ixtisas həkimlərinə ehtiyac var və neçə həkimə. Bu da əhalinin sayı ilə mütənasib olmalıdır. Bir kabinetdə 3-4 kardioloq əyləşib, səhərdən axşamadək bekar qalacaqsa, deməli, hansısa başqa bölgədə kardioloqa ehtiyac olduğu halda, insanlar müraciət etməyə həkim tapmayacaq. Misal üçün bunu deyirəm. Baxılmalıdır ki harada hansı həkimə ehtiyac var. Ola bilsin səhiyyə müəssisəsinə pasiyent müraciəti az olsun, ya əhali azdır, ya da başqa ətraf bölgələrdəki tibb müəssisəsinə müraciət edirlər. Bu da araşdırımalıdır ki, niyə? Dəqiq və ciddi şəkildə təhlil aparılsa, mövcud vəziyyət aydın olacaq, sonra da bun uyğun tədbir görülməli, resurslar düzgün bölüşdürülməlidir. Real tələbatla real imkanlar üst-üstə düşməlidir.