Bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər”

“Siyasi hədəfləri, ideoloji konsepsiyaları, təmayülləri üst-üstə düşən və ya yaxınlıq təşkil edən siyasi partiyaların sədrlərinin bir araya gəlib müzakirələr aparması, əməkdaşlıq barədə hansısa qərarlar qəbul etməsi tamamilə təbiidir”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. 

Ə.Hüseynov bildirib ki, partiya sədrlərinin çay süfrəsi arxasında görüşüb danışmalarında da qeyri-adi heç nə yoxdur: 

“Əks mövqedə dayanan, radikal müxalifətçiliyə meyllənən partiya liderlərinin buna qısqanclıqla reaksiya vermələri tamamilə absurddur. Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən və hərəkət edən müxalifətçilər təəssüf ki, qətiyyən dəyişmək, yeni dövrə uyğunlaşmaq istəmirlər”.

Qeyd edək ki, ötən gün bəzi partiya rəhbərləri ölkədəki siyasi prosesləri müzakirə etmək üçün bir araya gəliblər. Toplantıda müxalifəti təmsil edən siyasi qurumlarla yanaşı, Milli Məclisdə təmsil olunan partiyalar da iştirak edib. Lakin parlamentdə yer alan partiyaların müzakirələrə qoşulması digər müxaliflər tərəfindən sərt tənqidlə qarşılanıb.