“Dağlıq Qarabağ adlı muxtar statuslu inzibati-ərazi subyekti olmayıb” - ŞƏRH

“Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I bəndinə əsasən, Dağlıq Qarabağ “Azərbaycan Respublikasının ərazisi vahididir”

“Həmin ərazi toxunulmazdır və bölünməzdir. Bu Konstitusiyanın imperativ tələbidir və müzakirə mövsuzu ola bilməz”


Rusiya Qarabağ müharibəsinin həllində yaxından iştirak etməkdə maraqlı olsa da, problem illərdir həllini tapmırdı. Ona görə ki, Kreml və eyni zamanda münaqişənin həllinə dair birbaşa öhdəlik götürən həmsədr ölkələr ikitərəfli siyasət yürüdərək status-kvonu qorumağa çalışırdı. 30 ilə yaxın davam edən durğunluq da bunun bariz nümunəsidir. Əgər rəsmi Moskva, eləcə də digər həmsədr ölkələr məsələnin həllinə çalışsaydılar, münaqişəyə  çoxdan nöqtə qoyulardı.  

Bir qədər öncə Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalının efirində çıxış edərkən "Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub" desə də yenə ikili mövqe sərgiləyərək "Qarabağın yekun statusu nizamlanmayıb" deməyi də özü üçün vacib bilib.Əlbəttə, bu açıqlamada ciddi mətləblər və mübhəm məqamlar var. 

Məsələ ilə bağlı politoloq Eçin Mirzəbəyli öz fikirlərini "Sherg.az"la bölüşüb:

"Rusiya Federasiyasının prezidenti Vladimir Putininin Azərbaycan SSRİ-nin tərkibində 7 iyul 1923-cü ildə yaradılmış, 26 noyabr 1991-ci ildə isə ləğv edilmiş və hazırda hüquqi baxımdan mövcud olmayan keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin gələcək statusu haqqında fikirlərinə münasibət bildirməzdən öncə, düşünürəm ki, bəzi məqamlara aydınlıq gətirilməsi vacibdir. 

Qeyd etdiyim kimi, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanununa əsasən «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və «Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında» Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılıb.  Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri – Xankəndi şəhəri, Mardakert şəhəri – Ağdərə şəhəri, Martuni şəhəri – Xocavənd şəhəri, Mardakert rayonu – Ağdərə rayonu, Martuni rayonu – Xocavənd rayonu adlandırılıb, Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilib.

"Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarı ilə Ağdərə rayonu ləğv edilib və onun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülüb.

Göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasından 39 gün sonra “Dağlıq Qarabağ Muxtar Vilayəti” ləğv edilib və Azərbaycan 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunduğu zaman respublikamızın tərkibində “Dağlıq Qarabağ” adlı və muxtar statuslu inzibati-ərazi subyekti olmayıb. Azərbaycan BMT üzvlüyünə qəbul olunduğu zaman ölkəmizə qarşı rəsmi qaydada Ermənistan, yaxud hansısa qanunsuz təsisat tərəfindən ərazi iddiası və ya müxtariyyət tələbi də irəli sürülməyib. Belə olduğu təqdirdə, “Dağlıq Qarabağ” adlı hansısa inzibati ərazi subyekti haqqında danışmaq mümkün deyil. Çünki belə bir subyekt yoxdur.

Söhbət əgər Azərbaycan ərazisində yaşayan və Ermənistanın işğalı nəticəsində qanunsuz olaraq formalaşdırılmış separatçı təsisatdan gedirsə, bu təsisatın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik aktlarına zidd olduğu üçün onun hansısa formada inzibati ərazi subyekti kimi təqdim edilməsi yolverilməzdir və bu, beynəlxalq hüququn norma və prinsiplərinə görə də qeyri-qanunidir. 

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I bəndinə əsasən, “Azərbaycan Respublikasının ərazisi vahididir, toxunulmazdır və bölünməzdir”. Bu Konstitusiyanın imperativ tələbidir və ümumiyyətlə müzakirə mövsuzu ola bilməz.

Konstitusiyanın 11-ci maddəsinin III bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir. Yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”.

Göründüyü kimi, bu bənddə də, bildirilir ki, “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir”. Bütün bunlar da Konstitusiyanın imperativ normalarıdır və heç bir halda dəyişdirilə bilməz. 

Sözügedən bəndin “Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər” hissəsinə gəldikdə isə, burada söhbət sərhədlərin dəqiqləşdirilməsindən, delimitasiya və demarkasiyasından getdiyi gün kimi aydındır.

Bütün hallarda isə, hətta sərhədlərin dəyişdirilməsi ilə bağlı qərarların özü belə, Azərbaycanın bütün əhalisi arasında referendum keçirməklə mümkündür. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi subyekti yoxdur və Azərbaycan Respublikasının bir, yaxud bir neçə inzibati ərazi subyektində referendumun keçirilməsi mümkün deyil, o zaman üçüncü tərəflərin hüquqi statusu olmayan hansısa ərazinin gələcəyi haqqında fikirlərinə yalnız siyasi və nəzəri fərziyyə kimi yanaşmaq olar".

Qeyd edək ki, V.Putin "Rossiya 24" telekanalının efirində jurnalistin "Dağlıq Qarabağın statusu problemi varmı?”  sualına Putin təsdiq cavabı verərək bunları söyləyib:

"Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik", - deyə Putin qeyd edib.

Rusiyanın prezidenti bunları da əlavə edərək deyib ki, "Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər. Lakin, mənim fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq".

Ağarza Elçinoğlu