Hər gün Moskvanın qapıları döyülür

Ermənistan hakimiyyəti Moskvanı "su yoluna" döndərib


Paşinyan erməni cəmiyyətini yenidən toparlamaq üçün Rusiyaya ümid bəsləyir


Ermənistan parlamentinin sədri Ararat Mirzoyan 16-18 may tarixlərində Moskvaya rəsmi səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Parlamentlərarası əlaqələr inkişaf edir. Rusiya parlament nümayəndə heyəti İrəvanda 24 aprel tədbirlərində iştirak etdi. 16-18 may tarixlərində isə Arorat Mirzoyan Ermənistana səfər edəcək", - açıqlamada deyilir.

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlər kəskinləşib. T.İsmayılov əlavə edib ki, nəticədə Ermənistanda rus mədəniyyətinin və rus dilinin sıxışdırılması prosesi başlanıldı:

"Eyni zamanda Rusiya ilə münasibətlərin normallaşacağı fikrini söyləyən, habelə Rusiya ilə əlaqələrin Ermənistanın gələcək taleyi üçün mühüm və vacib olduğunu vurğulayan bir sıra siyasətçilər təqiblərə məruz qaldı və həbs olundu. Bütün bunlar Ermənistan-Rusiya münasibətlərini korladı. Baxmayaraq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Eyni zamanda Rusiyanın 102-ci hərbi bazası Gümrü şəhərində yerləşir. Amma istənilən halda Ermənistanın Rusiya ilə münasibətləri Paşinyan hakimiyyətindən sonra siyasi mütəffiqlikdən  daha çox məcburiyyət qarşısında Rusiyaya təslim olmaq kimi dəyərləndirilməlidir". 

Siyasi şərhçi əlavə edib ki, Ermənistan pis vəziyyətə qoyduğu erməni cəmiyyətini yenidən toparlamaq üçün Rusiyaya ümid bəsləyir:

"Soros tərəfindən yetişdirilən və Qərblə gizli şəkildə əlaqəyə girən Ermənistan  hakimiyyəti Ermənistan-Rusiya münasibətlərini daha da korladı.Təbii ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan öz məhv etdiyi dövlət atributlarını və pis vəziyyətə qoyduğu erməni cəmiyyətini yenidən toparlamaq üçün Rusiyaya ümid bəsləyir.

Baxmayaraq ki, erməni lobbisi vasitəsilə Paşinyan onu yetişdirən Qərb siyasi institutları ilə hələ də gizli və yaxud da nümayişkaranə şəkildə əlaqələrə malikdir. Amma bütün  bunların fonunda Rusiyasız Ermənistanın bir heç olduğunu dərk etdiyi üçün Rusiyaya da yaşıl işıq yandırmağa çalışır.

Təbii ki, bunun fonunda həm Paşinyan, həm Paşinyanın təmsil olunduğu iqtidar komandasının bir sıra  yüksək  rütbəli nazirləri daim Rusiyaya yalvarır. Rusiyaya səfərlər edir və Rusiyadan imdad diləməyə çalışır.

Arorat Mirzoyanın da 16-18 may tarixində Rusiyaya səfəri Ermənistan siyasi elitasının gerçəkləşəcək növbədənkənar parlament seçkilərindən əvvəl Rusiyaya növbəti məddahlıq jestlərindən biri kimi qiymətləndirilməlidir.

Nikol Paşinyanın tapşırığına əsasən, həm Paşinyanın, həm də onun komandasına daxil olan adamların daimi Rusiyaya səfər etməsi, guya ki, Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə əlaqələri möhkəmləndirməklə bağlı mesajlar verməsi ilə xarakterizə olunur.

Təbii ki, Rusiya regionun önəmli dövlətlərindən biridir. Düşünürəm ki, Nikol Paşinyan və onun komandasına daxil olanların Rusiya səfərlərinin arxasında da hansısa çirkin və gizli niyyətlər yatdığı aydın başa düşülür".