Paşinyan publikaya oynayır!- “Aşot Azərbaycanın nəyinə lazımdır?!”

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanda əsirlikdə olan erməni diversantların əvəzinə oğlu Aşotu Prezident İlham Əliyevə təhvil verməyə hazır olduğunu bəyan edib. Bəyanat keçmiş prezidentlər Serj Sarkiyan və Robert Koçaryanın qınağına cavab olaraq verilib.


“Mən Əliyevlə rəsmi olaraq danışıram. Azərbaycanda əsirlikdə olan erməni diversantların əvəzinə oğlum Aşotu təklif edirəm”, – deyə Nikol Paşinyan bildirib. Sərsəm bəyanatları ilə ad çıxarmış Paşinyanın bu açıqlamasından “Ayının min oyunu bir armudun başındadır” misalı yada düşür. Siyasətçinin nə istədiyi məlumdur- seçkiqabağı təbliğat kampaniyasında “xal qazanmaq”. Həm də onun oğlu bizim nəyimizə lazımdır ki?! 

 Açıqlama barədə “Sherg.az”a danışan siyasi analitik Rusif Məmmədsoy da bu fikirdədir: 

“Bəyanat populizm nümunəsindən başqa bir şey deyil. Paşinyan sadəcə erməni cəmiyyətini inandırmağa çalışır ki, oğlunu versə belə, diversantları qaytarmaq onun əlində deyil. Həm də bunun mümkün olmadığını o özü də bilir. Sadəcə diplomatiyanı oyuna çevirib. Aşot Azərbaycanın nəyinə lazımdır?! Biz ki, terrorçu deyilik. Və beynəlxalq aləmin qınaq obyektinə çevrilmək istəmirik. Diversantları isə əməllərinə, yəni təxribat cəhdlərinə görə əsir götürmüşük. Nə vaxtsa qaytaracağıq. Bu, minalı ərazilərin xəritəsinin qaytarılması, Zəngəzur dəhlizinin açılması və digər tələblərimizin yerinə yetirilməsi qarşılığında ola bilər”.