"Türkiyənin Afrika siyasətində pərdəarxası məqamlar"-ŞƏRH

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17-20 oktyabr 2021-ci ildə üç Afrika ölkəsinə-Anqola, Toqo və Nigeriyaya səfər etdi. Son zamanlar Afrika qitəsinin bütün dünyanın diqqət mərkəzində olduğu vaxtda Türkiyə prezidentinin bu qitəyə səfəri Türkiyə və Afrika baxımından vacib əhəmiyyətə malikdir. Uzun illərdir davam edən Türkiyə-Afrika əlaqələri Ərdoğanın Anqola, Toqo və Nigeriya etdiyi son səfərləri ilə yeni mərhələyə keçmiş oldu. Statistikaya nəzər salsaq görəcəyik ki, 2000-ci illərin əvvəllərində Türkiyənin 54 Afrika dövlətindən 12-də səfirliyi fəaliyyət göstərirdisə, Ərdoğanın son səfəri zamanı bu rəqəm 43-ə yüksəldi. Təbii ki, bu kifayət qədər böyük rəqəmdir. Türkiyə və Afrika arasında iqtisadi əlaqələrin statistikasına nəzər salsaq, görə bilərik ki, 2020-ci ildə Türkiyə və Afrika ölkələri arasında ticarət əlaqələrinin həcmi 25 milyard dollar həcmində olmuşdur. Eyni zamanda Türkiyənin Afrika qitəsindəki investisiyalarının həcmi 7 milyard dollara yüksəlmişdir”.

"Sherg.az" xəbər verir ki, bu sözləri siyasi-şərhçi Samir Hümbətov deyib. 

Onun sözlərinə görə, Ərdoğanın bu tur çərçivəsində ilk səfər etdiyi Afrika ölkəsi Anqola olmaqla yanaşı, həm də Anqolaya ilk səfəri kimi də yadda qaldı

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Anqola prezidenti Joao Manuel Gonçalves Lourenço arasında görüş baş tutdu və tərəflər arasında siyasi, iqtisadi, mədəni, hərbi və müsafiə sahəsində əməkdaşlıqla bağlı razılıq əldə edildi. 2020-ci ilin statistikasına baxdıqda Türkiyə və Anqola arasında ticarət dövriyyəsi təqribən 188 milyon dollar həcmində olmuşdur. Ərdoğanın ikinci səfər etdiyi Afrika ölkəsi Toqo oldu. Toqoya səfəri zamanı prezident Faure Essozimna Gnassingbe ilə görüş keçirən Rəcəb Tayyib Ərdoğan həmkarı ilə Türkiyə və Toqo arasında siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin genişləndirilməsi üçün müzakirələr apardı və bəzi müqavilələr imzaladı. 2020-ci ilin statistikasına əsasən Türkiyə və Toqo arasında ticarət dövriyyəsinin həcmi təqribən 150 milyon dollar olmuşdur. Bu görüş zamanı tərəflər arasında ticarət dövriyyəsinin daha da artırılması haqqında razılaşma əldə edilib. Məlumat üçün onu da qeyd etmək lazımdır ki, FETÖ-yə məxsus olan və paytaxt Lomedə yerləşən məktəbin fəaliyyəti hüquqi cəhətdən Türkiyə Maarif Vəqfinə həvalə edilmişdir. Həmçinin Türkiyənin Afrikadakı 43-cü səfirliyi məhz Toqoda açıldı”.

Analitik əlavə edib ki, Türkiyə prezidenti Ərdoğanın Afrika turundakı üçüncü səfər etdiyi ölkə Nigeriya oldu:

 “Nigeriya Afrikanın əhalisinin sayına görə ən böyük ölkəsi olması ilə yanaşı həm də Türkiyə ilə ticarət həcmi böyük olan Afrika ölkələrindən biridir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Nigeriya prezidenti Muhamməd Buxarinin də iştirakı ilə iki ölkə arasında 7 müqavilə imzalandı. 2020-ci ilin statistikalarına əsasən Türkiyə və Nigeriya arasında illik ticarət dövriyyəsi 750 milyon dollardan artıq olmuşdur.Bütün bu qeyd edilənləri nəzərə alaraq ortaya bəzi suallar çıxır ki, Türkiyə üçün Afrika niyə bu qədər önəm daşıyır? Türkiyənin son illərdə Afrika siyasətində pərdəarxası məqamlar nədən ibarətdir? Türkyənin Afrika siyasəti hansı dövlətlərin maraqlarına zidd hesab edilir? Türkiyə və Afrika arasında uzun illərə dayanan bir çox sahələri əhatə edən əlaqələr son illərdə daha da sürətlə inkişaf etməkdədir. 1998-ci ildən başlayaraq Türkiyə tərəfindən “Afrika Fəaliyyət Planı” hazırlanmış və həyata keçrilməyə başlamışdır. 2002-ci ildə Türkiyədə hakimiyyətin dəyişməsindən sonra Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi AKP hakimiyyətə gəldiyi ilk dövrlərdən başlayaraq Türkiyənin Afrika siyasətinə xüsusi diqqət yetirməyə başladı. 2005-ci ildə Türkiyədə “Afrika ili” elan edildi və bununla əlaqədar olaraq Türkiyədə Afrika ölkələri ilə bağlı bir sıra tədbirlər keçrildi. 2008-ci ildə isə İstanbul şəhərində Türkiyə və Afrika dövlətləri arasında “Birinci Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” təşkil edilmişdir. 6 il sonra isə, yəni 2014-cü ilin noyabr ayında Ekvator Qveneyasında baş tutan “İkinci Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” Türkiyə və Afrika əlaqələrinin sürətlə inkişafına ciddi təkan verdi. Tərəflər arasında “Üçüncü Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” 21-22 oktyabr 2021-ci ildə İstanbulda baş tutdu və bu zirvəyə 41 Afrika dövlətindən 450 qədər şəxs qatıldı. Son illər Çinin və Rusiyanın Afrikaya artan maraqları fonunda Türkiyənin Afrika siyasətində ciddi irəliləyişlər əldə etməsi və Afrika ölkələri ilə belə geniş miqyaslı əlaqələri inkişaf etdirmək cəhdlərinin uğurlu alınması qoca qitədə güc balansının tarazlanmasına və Afrika dövlətlərinin hansısa dövlətin dominantlığı altına düşməkdən qurtulacağına şərait yaradacaq. Təbii ki, son illər həm Çin həm də Rusiya Afrikada ciddi investisiyalar qoymaqdadır. Hətta 2017-ci ildə Rusiya Afrika dövlətlərinin 20 milyard dollar həcmində borcunu da silmişdir. Çinin isə Afrika dövlətləri ilə 2020-ci ildə illik ticarət həcmi 200 milyard dollara çatmışdır. Afrika qitəsində getdikcə zəifləməkdə olan Fransa da Türkiyənin Afrika dövlətləri ilə belə genişmiqyaslı əlaqələr qurmasından ciddi narahatlıq keçirməkdədir. Türkiyənin Afrika qitəsində həyata keçirdiyi layihələr və əldə etdiyi uğurlu nəticələr əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə ciddi təkan vermiş olacaq. Bugün Afrika dövlətlərinin əksəriyyətindən olan gənclər Türkiyə universitetlərində təqaüdlü təhsil alırlar. Bu isə Türkiyənin Afrika siyasətində yümşaq gücün təzahürü kimi qəbul edilə bilər. Ərdoğanın Afrika turu və İstanbulda təşkil edilən “Üçüncü Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” onu göstərdi ki, Türkiyə üçün Afrika böyük siyasi və strateji əhəmiyyətə malikdir. Eyni zamanda Afrika qitəsinin yaxın zamanlarda Türkiyə, Rusiya və Çin arasında yeni rəqabət meydanı olacağı gözləniləndir”.