Moskvada razılaşma mümkün olmadı

İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub

Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir

Üçtərəfli işçi qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb. Bunu Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən deyib. “Niyə tərəflər razılığa gəlmədi?” sualına, Qriqoryan belə cavab verib: “Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir. Azərbaycan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək siyasi iradə nümayiş etdirə bilməz”. 

Xatırladaq ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu baş vermədi. Eyni zamanda erməni tərəfi yaxın vaxtlarda eyni səviyyədə daha bir görüşün baş tutacağını açıqlayıb. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri isə faktiki olaraq Bakını Moskva görüşünü pozmaqda ittiham edib: “Biz yolları açmağa hazırıq, sovet dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilməliyik. Eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etməlidir”. 

İrəvanın qeyri-konstruktiv mövqeyini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası ilə bağlı razılaşmlara İşçi Qrupunun görüşündə yekun vurulacaq və rəsmiləşəcək. Ekspertin sözlərinə görə, İrəvan bununla təkcə Bakıya yox, Moskvaya qarşı da çıxır: 

“Soçi görüşündə iki nəticə əldə edildi. Bu, sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması və kommunikasiyanın açılması üzrə prosesə yekun vurulması idi. Amma bu məsələlər yekun bəyanata daxil edilmədi və məsələ İşçi Qrupun bu həftə nəzərdə tutulan görüşünə həvalə olundu. 

İşçi Qrupu müqavilə üzərində işləyir və bu, böyük ehtimalla kommunikasiyanın bərpa edilməsi qrafikinə aiddir. Rəsmi Bakı 10 noyabr razılaşmasında etmədiyini indi edir, Zəngəzur dəhlizini rəsmiləşdirir. 

Putinin çıxışında “dəhliz” ifadəsinə istinad etməsi və “üçtərəfli İşçi Qrupu Moskvada toplaşacaq” açıqlaması deməyə əsas verir ki, Soçidə şifahi razılaşma məhz Bakının mövqeyi kontekstində əldə olunub. Dövlət başçısı İlham Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticəsinə uyğun çıxış idi. Aydındır ki, İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub. Yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi gözlənilir və məsələ yenidən müzakirə olunacaq. 

Nikol Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir. 10 dekabrda Amerika Prezidenti Co Baydenin demokratik sammitinə Ermənistan da dəvət edilib. 15 dekabrda isə Brüsseldə Avropa İttifaqının quracağı masa var. 

Ermənistan bu görüşlərə ümid etdiyi üçün Moskvada “yox” deyə bilib. Hesab edirəm ki, bu proses ölkə rəhbəri İlham Əliyevin Soçidə verdiyi mesajın – “regionda təhlükəsizlik razılaşmalarının nəticələrinin icrasından asılıdır” – praktiki tətbiqinə zərurət yaradır”.