Gürcüstan məqbul sayılacaq dialoq məkanlardan biridir


Əfsuslar olsun ki, Cənubi Qafqazda digər güclərin, xüsusən Rusiya və Qərbin təzyiqi çox güclüdür və mümkün variantlara imkan vermirlər

Gürcüstan Azərbaycan və Ermənistanla üçtərəfli dialoqun keçirilməsi üçün platforma olmağa hazırdır. Bunu Gürcüstanın Xarici işlər naziri David Zalkaliani ATƏT-in üzv ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib. Onun sözlərinə görə, dünya ictimaiyyəti Cənubi Qafqazda uzunmüddətli sülhün qurulmasında maraqlıdır: “Bu baxımdan, biz Azərbaycan, Gürcüstan və Ermənistanın aktual məsələləri müzakirə edəcəyi və müxtəlif səviyyədə görüşlər keçirə biləcəyi üçtərəfli dialoq platforması təşəbbüsünü təqdim etmişik”.

Zalkalianinin vasitəçilik təklifi ilə bağlı “Şərq”ə fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Avropa ölkələri ilə yanaşı, Azərbaycan-Ermənistan arasında məqbul sayılacaq dialoq məkanlarından biri də Gürcüstandır. Analitikin sözlərinə görə, Cənubi Qafqaz ölkələri kənar müdaxilələr olmadan problemlərini özləri həll edəcək gücdədirlər:

 “Əfsuslar olsun ki, Cənubi Qafqazda digər güclərin, xüsusən Rusiya və Qərbin təzyiqi çox güclüdür və mümkün variantlara imkan vermirlər. Gürcüstanın vasitəçilik təklifi bizim üçün qəbulediləndir. Bilirsiz ki, Tbilisi erməni diversantlarla xəritələrin mübadiləsində mühüm rol oynadı. Ancaq prosesin sonu gəlmədi, çünki Moskva imkan vermədi. Kreml indiki təkliflə də razılaşmadığı üçün reallaşmasına mane ola bilər. Hətta Gürcüstanın təklifi reallaşsa belə Rusiya təmaslardan öncə Soçi görüşü kimi təşəbbüs irəli sürəcək”. 

Politoloq düşünür ki, regionda sülh və sabitliyin yaranması Rusiyanın bölgəyə nəzarətinin zəifləməsi deməkdir: 

“Ona görə də Moskva bütün gücü və imkanları ilə çalışır ki, region ölkələrini özündən asılı vəziyyətdə saxlasın. Əlbəttə, hansı dövlət üzərində bunu nə qədər bacarır, o başqa məsələdir. Qarabağ savaşına qədər Moskvanın təzyiq rıçaqları daha güclü idi. Amma müharibədən sonra vəziyyət dəyişdi. Çünki ortada qalib Azərbaycan və Türkiyə faktoru var. Kreml Ankara ilə hesablaşmağa məcburdur. Ermənistan üzərində isə hələ də Rusiyanın təzyiqi güclüdür. Türkiyə və İranın Ermənistanla sərhədləri rus qoşunları tərəfindən qorunur. Məqsəd Azərbaycanla sərhədə də rusları cəlb etməkdir”.