10 erməni hərbçisinin qaytarılması...

Çünki üçtərəfli bəyanatın icrasında problemlər olsa, burada Rusiyanın məsuliyyəti yaranacaq

İrəvan mina xəritələrini təzyiq altında təhvil verib

Soçi görüşündən sonra Bakı prosesi sürətləndirmək üçün sistemliliyi yeni müstəviyə daxil edib. Ermənistan mətbuatında isə Baş nazir Nikol Paşinyanın hansısa güzəştə imza atması barədə məlumatlar dövriyyədədir


Azərbaycan humanizm prinsiplərini əsas tutaraq dekabrın 4-də daha 10 nəfər erməni hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Eyni zamanda aparılmış danışıqlar nəticəsində İrəvan hökuməti işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana təqdim edib. Ermənistana təhvil verilənlər 16 noyabrda Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan şəxslər olublar.

Mübadilə Rusiya Müdafiə Nazirliyinin vasitəçiliyi ilə baş tutub. Alınan xəritələr əvvəlki 3 rayondan - Ağdam, Füzuli və Zəngilandan başqa bütün əraziləri əhatə edir. Şübhə yox ki, budəfəki xəritələrin də doğruluq payı müəmmalıdır. Əvvəlki xəritələrin sadəcə 25 faizi basdırılan minaların yeri ilə uyğunluq təşkil edirdi. Mübadilə barədə “Şərq”ə fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı deyib ki, bundan öncə verilən xəritələrin 25 faizi doğru çıxdığına görə, Bakı minalanmış ərazilərin yox, minaların basdırıldığı yerlərin xəritələrinin verilməsi tələbini qoydu. 

Analitik bildirib ki, Ermənistanın bu tələbi yerinə yetirdiyi və indi verdiyi xəritələrin tam dəqiqliyi yenə də şübhəli olaraq qalır: “Məncə, “barter”də ilk qazanan tərəf Rusiyadır. Soçi görüşünün “humanitar razılaşmasını” icra etdi. Avropa İttifaqının Brüssel görüşündə humanitar məsələ üzərindən vasitəçilik etmək imkanını azaldır. Mina xəritələrinin tam dəqiqliyi istisna olsa da, Bakı qazanan tərəfdir. 

Birincisi, antiterror əməliyyatında saxlanılan və məhkəmə qarşısına çıxarılan erməniləri yox, 16 noyabrda sərhəddə saxlanılan erməniləri verdi. Bununla Qarabağda baş verənlərin “daxili məsələmiz” olduğu mövqeyindən geri çəkilmədi. İkincisi, sərhəddə saxlanılan 10 erməni hərbçiyə qarşı bütün ərazilərin mina xəritələrini əldə etdi. Üçüncüsü, Ermənistanın Brüssel görüşünün gündəmini formalaşdırmaq imkanını azaltdı”. Analitik əlavə edib ki, “barter”də ən mühüm məqam bütün ərazilərin mina xəritələrinin verilməsi və “mina xəritəsi” mövzusunun müəyyən mənada aradan çıxmasıdır: “Ermənistan Bakıda həbsdə olan ermənilərin qaytarılması məsələsindən əl çəkməyəcək. Bu məqam Bakıya əlindəki “kart”dan daha səmərəli istifadə etmək, dəqiq olmayan xəritələrdən daha çox şey qazanmaq imkanı verir”. 

Siyasi şərhçi Aqşin Kərimov da “Şərq”ə açıqlamasında mina xəritələri ilə bağlı sonuncu məlumatda bir məqama diqqət çəkib. Analitik vurğulayıb ki, bundan əvvəlki mina xəritələrinin Bakıya təqdim edilməsi ilə bağlı məlumatları Xarici İşlər Nazirliyi açıqlayırdısa, bu dəfə Dövlət Təhlükəsizliyi Xidməti informasiya yaydı: 

“Bu o deməkdir ki, Azərbaycan bütün diplomatik korpusları, güc strukturlarını Ermənistana basqı yaratmaq üçün səfərbər edib. Bundan əvvəlki mina xəritələrinin dəqiqliyi 25 faiz idi. Görünür, DTX-nin prosesdə iştirakı həm də ona hesablanıb ki, Azərbaycan tərəfi xəta ehtimalı az olan mina xəritələrini alsın. Deməli, Soçi görüşündən sonra Bakı prosesi sürətləndirmək üçün sistemliliyi yeni müstəviyə daxil edib. Ermənistan mətbuatında isə Baş nazir Nikol Paşinyanın hansısa güzəştə imza atması barədə məlumatlar dövriyyədədir. Mina xəritələrinin təqdimi də İrəvanın təzyiq altında qərarlar verməsinin göstəricisi kimi qəbul edilə bilər. 

Çünki üçtərəfli bəyanatın icrasında problemlər olsa, burada Rusiyanın məsuliyyəti yaranacaq. Hazırda isə Moskva Qərblə rəqabət şəraitində imza atdığı sənədin yalnız nəzəri xarakter daşımasında maraqlı deyil. 

Soçi bəyanatından sonra canlanmanın olması Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Brüsseldə keçiriləcək görüş üçün nəticə əsaslı qərarların olmasını şərtləndirir. Qərb “biz də sülhyaratma prosesinə töhfə veririk” mesajını aydın şəkildə verməlidir. 

Əks təqdirdə Moskvanın təşəbbüsü qarşısında neytral mövqedə görünəcək. Qərb Rusiyanın “pis sülhünə” alternativ ortaya qoymasa, bu, Moskvaya yeni fürsətlər təqdim edilməsinə gətirib çıxaracaq”.