Qərb regionda gərginliyi artırmaqda maraqlıdır

Məqsəd Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməkdir

Bütün hallarda Rusiyanın Ukraynaya “hücum planı” bəlli səbəblərə görə o qədər də inandırıcı görünmür

Rusiya-Ukrayna münasibətləri gərgin olaraq qalmaqdadır. Vəziyyətin kifayət qədər kritik olduğunu bəyan edən Ukraynanın Müdafiə naziri Aleksey Reznikov deyib ki, Rusiyanın irimiqyaslı hücumu zamanı Böyük Britaniya, Kanada və ABŞ öz qoşunlarını ölkənin cəbhə mövqelərinə çevriləcək mühüm bölgələrinə yerləşdirməlidir. Müdafiə naziri anqlo-sakson müttəfiqlərini NATO-dan kənarda Ukraynaya yardım göstərməyə, xüsusən də ölkəyə daha çox hərbi təlimatçı göndərməyə çağırıb:

“Yaxşı olardı ki, kanadalı təlimatçılar Xarkovda, Mariupolda, Kramatorskda, Odessada və Zmeyni adasında yerləşdirilsinlər. Sizin burada olmağınız ruslar üçün “yaxşı” əlamət olacaq”. Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko isə bildirib ki, Ukrayna məsələsini yalnız Minsk razılaşmaları ilə həll etmək mümkündür. Nazir müavininin sözlərinə görə, hər kəs etibarlı siyasi həllin danışıqlar masası arxasında tapılacağını yaxşı başa düşür: 

“Söhbət təkcə Ukraynadan deyil, bütövlükdə Avropanın və Qara dəniz regionunun təhlükəsizliyindən gedir. Əgər bizim tərəfdaşlarımız bu mövzunun kompleks halda gündəmdən çıxmasını istəyirlərsə, Minsk tədbirləri çərçivəsində hərəkət yeganə yoldur”. O, “Luqansk xalq respublikası” ərazisində dağıntı və ölümlərin Ukrayna ordusunun nəzarətində olan ərazilərdən 5 dəfə çox olduğunu bildirib: “Bu faktın özü kimin günahkar olduğu və məsuliyyət daşıdığına aydınlıq gətirir”. 

Rusiyalı senator Aleksey Puşkov iddia edir ki, NATO ölkələri Ukrayna uğrunda döyüşməyəcək. Çünki o, alyansın üzvü deyil: “Bu o deməkdir ki, müqavilənin 5-ci maddəsi ona şamil edilmir və alyansın Ukraynanı müdafiə etmək öhdəliyi yoxdur. Buna görə də Ukrayna Qərbi açıq-aydın qaçqınlarla qorxutmağa çalışır. Kiyevdə başqa arqumentlər yoxdur”. 

Xatırladaq ki, Stokholmda Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında Kiyevdəki hadisələrin müzakirəsi zamanı gərgin mübahisə yaşanıb. Buna səbəb Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Qərbin cavab tədbirlərinin müzakirəsi olub. Blinken  NATO-nu müdafiə alyansı adlandırıb və bildirib ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçə sadiq qüvvələr Kiyevdə dinc nümayişçilərə atəş açıb və yüzdən çox insanı öldürüblər. Lavrov isə Blinkenə xatırladıb ki, Kiyevdə 2014-cü il hadisələri dövlət çevrilişi idi: “O, həmçinin NATO və Avropa İttifaqını Rusiyanı təhdid etməkdə ittiham edib”. 

Tərəflər arasındakı gərginliyi “Şərq”ə analiz edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, ABŞ kəşfiyyatı tərəfindən yayılan informasiyaya görə, Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır. Analitikin fikrincə, Qərbdən yayılan bu tipli xəbərlərin bir neçə səbəbi var: 

“Məqsəd regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməkdir. Həm Qərb cəbhəsi, həm də Rusiya vəziyyəti kritik hala gətirməklə bir-birinə mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilər. Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və pandemiyanın yaratdığı ciddi iqtisadi fəsadlar Kremli bu məsələdə tələsik qərar verməməyə vadar edir. Müdafiə Nazirliyində yer alan generalitet içində xeyli sayda Ukrayna əsilli hərbçinin olması da məsələnin digər önəmli tərəflərindən hesab edilir. Moskva yaxşı başa düşür ki, istənilən təcavüz nəticəsində sadəcə sanksiyalara məruz qalmayacaq. ABŞ-ın təkidi ilə NATO-nun prosesə qoşulması da baş verə bilər ki, bu, üçüncü dünya müharibəsinə gətirib çıxarar. Genişmiqyaslı müharibə isə Rusiyanın sürətlə parçalanması deməkdir. Kreml bunu gözə almaqdan çəkinir. Kiyev Moskvanı Türkiyə ilə hərbi əməkdaşlıqla da qorxudur. Türkiyənin Ukrayna ilə bağlayacağı müqavilə əsasında savaşa qoşulması regional və qlobal səviyyədə qarşısı alınmaz fəlakət deməkdir. Yəni Rusiyanın Ukraynaya “hücum planı” bəlli səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma beynəlxalq vəziyyət tez-tez dəyişir və gözlənilməz hadisənin baş verməyəcəyinə kimsə təminat verə bilməz”.