Brüssel görüşü öncəsi SABOTAJ! - “Danışıqlar təxirə salına bilər”

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. 
Bu barədə "Sherg.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Artıq bir neçə gündür, Ermənistan təxribatdan əl çəkmir. Məxsusi olaraq  dekabrın 15-i Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşündən öncə bu cür təxribatlara əl atılması göstərir ki, qarşı tərəf öz çirkin, məkrli siyasətindən əl çəkmir.  Ermənistan hökuməti anlamalıdır ki, artıq qarşılarında 1991-ci ildə müstəqilliyini yeni qazanmış Azərbaycan yoxdur. “Odlar Yurdu” Vətən savaşında öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Bütün hallarda vəziyyət Ermənistanın əleyhinə işləyir. Təxribatlara davam etməsi onun siyasi, iqtisadi və hərbi tənəzzülünü daha da sürətləndirəcək.

Günbəgün artan təxribatların məqsədini “Sherg.az”a şərh edən Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti (BDU) “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti Mətin Məmmədli bildirib ki, Ermənistan təxribatlarla təzyiq göstərməyə çalışır:

“Təxribatlar getdikcə artır. Ermənistan hökumətinin yol verdiyi bu yanlış davranışlar Brüssel görüşünə təsirsiz ötüşməyəcək.
Əlavə olaraq, ötən ilin 10 Noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyannamədə qeyd olunan öhdəlikləri yerinə yetirmir. Paşinyan hökumətinin rəsmi mövqeyi göstərir ki, yaxın zamanda da bu öhdəlikləri yerinə yetirməyəcəklər. Ermənistan davranışlarını düzəltməsə, təxribatlara bu tempdə davam etsə, görüş təxirə salına bilər”.

Xanlar ƏLİBƏY