"Müstəqil türk dövlətlərində millətləşmə prosesi zəif gedir"

Nəsib Nəsibli: "Millətlə dövlət bütünləşməsinin ən böyük düşməni Rusiyadır"

“Qazaxıstandakı gəlişmələr mövzusunda gözəl təhlillər aparılır. Bir də bu yöndən, millət-dövlət nəzəriyyəsindən məsələyə baxaq”. Bu sözləri Türkiyədə yaşayan tarixçi-alim, professor, sabiq millət vəkili Nəsib Nəsibli deyib. Alim bildirib ki, keçmiş sovet məkanındakı avtoritar rejimlər keçmiş nomenklaturanın birbaşa davamıdır: “Hakimiyyəti üçün təhlükə yarandıqda onu bəsləyən gücə (Rusiyaya) can atırlar. 

Demək ki, avtoritar rejimlər başqa sözlə taladıqları ölkələrin milli güvənlik problemidir. Müstəqil türk dövlətlərində millətləşmə prosesi lazımi surətdə və dərinlikdə getmir.

 Millətlə dövlət bütünləşməsinə hələ çox var. Bu bütünləşmənin ən böyük düşməni Rusiyadır. Türkçü, Turançı siyasət yürüdən bir lider talançı, hətta özünəvurğun manyak ola bilər. 

Bu cür adamlara görə milli hədəflərimizdən imtina edəsi deyilik ki?! Qazaxıstan məhz vurğuladığım bu naqisliyin bədəlini ödəməkdədir. Amma Qazax hürr, ipə-sapa yatmayan deməkdir. Gəlin, son 30 ildə toplanan enerjinin lap yaxında xaricə vuracağına ümid edək”.