Putin niyə Tokayevə “stavka” edib? – Şərh:“Nazarbayev güzəştə getməyib”

“Belə bir məqamda KTMT-nin ölkədə qalmasına da heç bir gərək yoxdur, çünki Tokayev onsuzda Rusiyanın dediyi hər şeyi edəcək”

“Bunun sırf Rusiyadakı MDB liderlərinin görüşündən sonraya düşməsi təsadüf deyil”


Qazaxıstan lideri Kasım-Jomart Tokayev parlamentdə deputatlar qarşısında çıxışı edib.Çıxış zamanı o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin ölkəni tərk edəcəyi tarixi açıqlayıb. Bildirib ki, proses iki gün sonra başlayacaq və 10 gündən çox çəkməyəcək:“KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb”.

Maraqlıdır, KTMT sülhməramlı kontingenti ölkəni tərk etdikdən sonra  da onun Qazaxıstanda təsir “rıçakları” qalacaqmı?

Siyasi analitik Turab Rzayev  KTMT-nin Qazaxıstadakı fəaliyyətindən “Sherg.az”a danışarkən bildirib ki, əslində Tokayev elə KTMT-dən istifadə edərək ölkədə səssiz bir dövlət çevrilişi etdi:

“O bu şəkildə  türk dünyasının ağsaqqalı sayılan, türk dövlətlər birliyinin fikir atalarından biri olan Nazarbayevi hakimiyyətdən devirdi.Tokayevi Qazaxıstan müxalifəti iqtidarsız, kifayət qədər güclü sayıla bilməyən, iradəsiz şəxsiyyət adlandırır. Onun belə bir çevriliş etməyində Rusiya birbaşa iştirak etdi və daha sonra suni müdaxilə yaratdı. Özünə tabe olan cinayətkar qruplaşmaları küçələrə saldı, daha sonra həmin şəxsləri fərdi şəkildə imitasiya etdi, bəzilərini öldürdü” .

Analitikin qənaətincə, Tokayevin hakimiyyəti Nazarbayevlə paylaşmaq istəməməsi ilə Qazaxıstanı rəsmi Moskvadan daha asılı bir hala gətirib çıxardı:

“Belə bir məqamda KTMT-nin ölkədə qalmasına da heç bir gərək yoxdur, çünki Tokayev onsuzda Rusiyanın dediyi hər şeyi edəcək. Bunun sırf Rusiyadakı MDB liderlərinin görüşündən sonraya düşməsi təsadüf deyil. Ola bilsin ki, məhz bu görüşdə Nazarbayevə  müstəqilliyinin müəyyən hissəsini güzəştə getmək təklif olunub. O bunu qəbul etməyib və daha sonra rəsmi Moskva Tokayevə dövlət çevrilişi etmək üçün tam dəstək verib”.