REAL partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Görüşdə ölkə gündəmində olan bir sıra məsələlərə toxunulub. Media haqqında qəbul olunmuş yeni qanun layihəsi, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib.
Dialoqun əhəmiyyətini “Sherg.az”a şərh edən REAL Partiyasının sədr müavini Natiq Cəfərli bu cür görüşlərin müsbət tərəflərindən bəhs edib:
“REAL partiyası olaraq biz ilk gündən dövlət qurumları ilə müxalif partiyalar arasında təmasların, dialoqların və müzakirələrin olmasına həmişə çox pozitiv dəyərləndirmişəm. Çünki problemlərin masa ətrafında müzakirəsi, ölkənin, dövlətin, xalqın gündəlik həyatına və gələcəyinə dair məsələlərlə bağlı fikir mübadiləsinin olması doğru bir yanaşmadır”.
O, son bir il yarımda təmaslar zamanı müəyyən məsələlərin qaldırıldığını qeyd edib:
“Sivil toplumun və medianın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər səsləndirmişik. Bələdiyyə seçkiləri, böyük şəhər bələdiyyələrinin yaradılması və s. tipli məsələləri gündəmə gətirmişik. Əsas gözləntimiz ondan ibarətdir ki, bu müsbət dialoq ortamının real nəticələri də olsun. Bu nəticələr alındıqca, həm xalqın, həm dövlətin gələcəyi üçün daha yaxşı qaydaların müəyyənləşdirilməsində rol aldıqca bu prosesin özünə güvən, bu prosesin gələcəkdə davamlı şəkildə aparılmasına inam da artacaq”.
N.Cəfərli son olaraq müzakirələrin nəticələri ilə bağlı fikirlərini belə tamamlayıb:
“Sadəcə bizim həmişə israr etdiyimiz məsələlərdən biri odur ki, hakimiyyətlə aparılan dialoqun əməli nəticələri də olmalıdır. Yəni, gözlə görüləcək, xalqın və dövlətin maraqlarına xidmət edəcək və birgə müzakirələr zamanı verilmiş qərarların elanı ilə bağlı olacaq konkret nəticələri deyirəm”.
Cəmilə ƏZİM