Ermənistan sərhəddə təxribat törətdi

Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

Bütün cəhdlərə baxmayaraq İrəvanın KTMT ilə bağlı planı da baş tutmayacaq

Ermənistan tərəfi sərhəddə növbəti dəfə təxribat törədib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törədilən təxribat nəticəsində hərbi qulluqçumuz Ayaz Nəzərov şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Nazirlikdən vurğulanıb ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

Ermənistanın bir müddət fasilədən sonra yenidən sərhəddə provakasiyaya əl atmasını “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İrəvan hökuməti Qazaxıstan hadisələrindən KTMT-nin rolundan “ruhlanaraq” Azərbaycanla əldə olunan razılaşmaları kobud surətdə pozmağa çalışır. Analitikin sözlərinə görə, Ermənistan bu vasitə ilə Azərbaycana təzyiq edəcəyini düşünür: 

“Paşinyan çalışır ki, KTMT Azərbaycana qarşı kəskin mövqe ortaya qoysun və Ermənistanla dövlət sərhədində yerləşsin. Baş verənlər Ermənistanın əleyhinə işləyəcək. Hərbi blokun proseslərə cəlb edilməsi üçün Moskvanın razılığı lazımdır. Kreml indiki zamanda Azərbaycan və Türkiyəni qarşısına alaraq vəziyyəti gərginləşdirmək niyyətində deyil. Ona görə də Ermənistanın israrına və təxribatlarına rəğmən KTMT bu məsələdən kənar tutulacaq. Qazaxıstanda Rusiyanın sülhməramlı siyasəti iflasa uğradı. Qoşunların çıxarılması ilə bağlı verilən qərar göstərir ki, qazax xalqı rus ordusunun əleyhinədir. Moskva ruslara qarşı nifrəti artırmaq və əlavə problemlər yaratmaq fikrində deyil. O baxımdan İrəvanın KTMT ilə bağlı planı da baş tutmayacaq”.