Putinlə Zelenski arasında "söz atışması" – “Bumeranq kimi özünə qayıdacaq”

“Diplomatiyada belə şeylər qəbul edilmir. Bu jarqondur, ara söhbətidir”

“Hətta "oğru dünyası"nda daha çox istifadə olunur”


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə cavab verib.
Bu barədə Ukrayna dövlət başçısı fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra brifinqdə danışıb.
Ukrayna Prezidenti rus dilində cavab verəcəyini deyərək vurğulayıb ki, “aforizmin müəllifi” (Vladimir Putini nəzərdə tutur – red.) onu daha yaxşı başa düşsün:

 “Şübhəsiz, bəzi şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsən. Ukrayna həqiqətən də gözəldir. “Mənim isə bir az artıqdır”.

V.Zelenskinin sözlərinə görə, Ukrayna dözümlüdür, çünki bu, müdrikliyin göstəricisidir:“Bizim dözümlülüyümüz təxribatlara təsir göstərir. Biz cavab verməyərək özümüzü hörmətli aparırıq. Bu mənada dözümlülük müdriklikdir”.

Qeyd edək ki, Putinin fikirləri ötən gün Moskvada Fransa Prezidenti Emmanuel Makronla danışıqlarda Ukraynanın ünvanına səsləndirilib: “Xoşun gəlsə də, gəlməsə də, döz, mənim gözəlim”.

 Rusiya  Prezidenti Vladimir Putin insanlara və hadisələrə yanaşma tərzi ilə daim seçilib. Bu dəfə də Ukraynaya qarşı işlətdiyi cümlə ilə gündəmə gəlib. Lakin “gözəlim” deyərkən qarşı tərəfi daha çox incitmək məqsədi olduğunu göstərir.  Ukrayna Prezidenti Volodimir Zelenski də həmişəki kimi öz qətiyyətini qoruyaraq cavab verib.

Mövzu ilə bağlı “Sherg.az”a münasibət bildirən  sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynliyə görə, siyasətdə kiməsə rişxənd etmək olmaz:

 “Putinin işlətdiyi cümlə ciddi bir iztehza və təkəbbürlü bir tonu özündə ehtiva edir. Ukrayna tərəfini aşağılamaq cəhdi var. Rusiyanın güclü və hər şeyə qadir olduğunu göstərmək istəyib. Diplomatiyada belə şeylər qəbul edilmir. Bu jarqondur, ara söhbətidir.  Hətta "oğru dünyası"nda daha çox istifadə olunur. Özünü "böyük siyasətçi" adlandıran şəxsin bu cür ifadəylə qarşı tərəfə lağ etməsi qəbuledilən deyil. Etika qaydalarına tamamilə ziddir. Putinin etdikləri bumeranq kimi özünə qayıdacaq”.

 O, rəsmi Kiyevlə bağlı təəssüratlarını bildirib:

 “Zənnimcə Volodimir Zelenskinin cavabı kifayət qədər təmkinli və ölçülülü-biçilidir. Bəli, doğrudan da, Ukrayna gözəldir. Xalqı da möhtəşəmdir, qədim tarixə malikdir. Amma ruslar kimi aqressiv, təcavüzkar və ilhaqçı siyasət yeritmirlər. Özləri təcavüzə məruz qalıb. Buna baxmayaraq səbrli davranırlar”.

 Cəmilə ƏZİM