Ermənistan Rusiyadan qorxur! - ŞƏRH

Elxan Şahinoğlu: "Kreml Ermənistandakı emisarları vasitəsilə notaya cavabı yerli müxalif mediaya ötürəcək"

  Ermənistan Rusiya Xarici İşlər Nazirliyinin notasına cavab verib. Bu barədə Ermənistan XİN məlumat yayıb. Lakin verilən cavab  mətni mediada yayımlanmayıb. Ermənistan XİN-in verdiyi məlumata görə, notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir. Ona görə də XİN mətnin dərcini düzgün hesab etmir.
  Rəsmi İrəvanın yayımlamaq istəmədiyi cavab mətnini “Sherg.az"a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan XİN mətnin diplomatik yazışmaların bir hissəsi olduğuna görə yayımlanmadığını desə də, bu, Baş nazir Nikol Paşinyanın təlimat ilə baş tutub: “Çünki Rusiyadan qorxurlar. Buna səbəb də Rusiya səfirliyinin ciddi ittiham irəli sürməsidir. Həmçinin Rusiya səfirliyinin XİN-ə göndərdiyi notası tam şəkildə bəyan olunmuşdu. Qarşı tərəf isə notaya cavabı bəyan etmək istəmir. Görünür, rəsmi Moskvadan çəkindikləri üçün bu addımı atırlar. Şübhəsiz, Rusiya səfirliyinin notası Ermənistanın Baş naziri Nikol Paşinyanı qəzəbləndirib. Buna baxmayaraq, o, Moskva ilə münasibətləri daha da gərginləşdirməmək üçün notaya cavabın yayımlanmasını lazım bilməyib. Lakin  hesab edirəm ki, yaxın günlərdə sözügedən mətn Rusiya səfirliyi tərəfindən yayımlanacaq. Kreml Ermənistandakı emisarları vasitəsilə notaya cavabı yerli müxalif mediaya ötürəcək. Onlar bu yolla Paşinyanın mövqeyini zəiflətməyi hədəfləyirlər”. 
  Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində baş verən partlayışda Rusiya ittiham olunmuşdu. Bu səbəbdən rəsmi Moskva İrəvana nota vermişdi.