“Bayraktar” Rusiyaya tədarük olunmayacaq - NİYƏ?

Türkiyə dövlətinin qərarı təbii qarşılanmalıdır
"Bəlkə də, ruslar PUA-ların alışı zamanı onun sirlərini də istəyiblər. Türklər isə bundan ehtiyatlanaraq, satışdan imtina edib."
  Türkiyənin “Baykar” şirkəti özünün “Bayraktar” hərbi pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünü mümkün hesab etmir.
  APA-nın Moskva müxbirinin məlumatına görə, bunu "Baykar"ın baş direktoru Haluk Bayraktar BBC-nin rus xidmətində dərc olunan müsahibəsində bildirib.
  Bayraktar qeyd edib ki, onun şirkəti tamamilə Ukraynanın tərəfindədir və təklif olunan məbləğdən asılı olmayaraq heç nə Ukrayna ilə əməkdaşlığa kölgə salmayacaq.
  “Baykar” şirkətinin addımını “Sherg.az"a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki,“Baykar” şirkəti bu addımı Türkiyə dövlətinin razılığı ilə atmış ola bilər:




“Başqa dövlətlər də belə addımlar atır. İsrail də “Harop”u Ermənistana yox, Azərbaycana satır. Həmçinin “Bayraktar”ın bəzi hissələri Ukrayna zavodlarında istehsal olunur.  Şirkət öz mənafelərini düşünərək belə addım atır.
  Ruslar  onların “Bayraktar”a ehtiyacları olmadıqlarını deyirdi. Bu barədə dəfələrlə rus mətbuatında yazılıb. Digər bir tərəfdən ola bilsin ki, ruslar PUA-ların alışı zamanı onun sirlərini də tələb ediblər. Türklər isə bundan ehtiyatlanıb, satışdan imtina etmiş ola bilər. Müxtəlif aspektlərdən baxmaq olar. Şirkətin bu qərarının Türkiyə-Rusiya münasibətlərinə ciddi təsiri ola biləcəyini düşünmürəm. Çünki Ukrayna müharibəsi fonunda rəsmi Ankara hər zaman Ukraynanı dəstəklədiyini bildirib. Amma Qərbin Rusiyaya qarşı sanksiyalarına da qatılmayıb. Çünki qardaş ölkə balanslı siyasət sürür və öz maraqlarını üstün tutur. Rusiya tərəfi də bunu təbii və normal qarşılayır”.