Brüssel görüşü: “Sülh müqaviləsinin imzalanacağına dair gözləntilər...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir. Məlumata görə, dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
“Sherg.az” Prezident İlham Əliyevin Brüssel səfərindən gözləntilərlə bağlı siyasi şərhçi, jurnalist Fuad Abbasovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, Brüssel görüşü bizi  Ermənistan tərəfinin ərazi bötövlüyümüzü və sərhədlərimizi tanıyacağına ümidləndirir:

“Sülh müqaviləsinin imzalanacağına dair gözləntilərimiz də var. Bu, ilk olaraq Ermənistanın özü üçün vacibdir. Bizim üçün önəmli olan digər məqam isə 10 noyabr 2020-ci il tarixində imzalanan Bəyanata uyğun olaraq, Zəngəzur dəhlizinin açılmasıdır. 

Çünki bu yol Laçın dəhlizinin əvəzində ermənilərdən tələb olunan siyasi qərardır. Bu görüşdə bizim üçün ən böyük qazanc Zəngəzur dəhlizinin təsdiqlənməsi və rəsmi İrəvanın Azərbaycanın torpaq bütünlüyünü və sərhədlərini tanıması ola bilər. Qarşı tərəf bu mövzular haqqında bizə razılıq versə, Brüssel səfəri nailiyyətlə başa çatmış olar”.

Siyasi şərhçi xatırladıb ki,  qarşı tərəf bu cür beynəlxalq görüşlərdə hər zaman geri addım atıb:

“Belə addımlar onların diasporunun, daxili ictimaiyyətinin və ya Rusiyanın tələbi ilə atılıb. N.Paşinyan siyasi iradəsini toplayıb tələblərə qarşı öz mövqeyini orataya qoysa, həm Ermənistan, həm də bölgə üçün çox böyük addım atmış olacaq. Əgər tələblərimizə əməl etməsə, dövlətimiz xarici siyasətini eyni şəkildə davam etdirərək, ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınmasına nail olmalıdır”.