“Ermənistan çoxdan sülh müqaviləsini imzalamaq istəyir, lakin...”

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində həyata keçirilən proses tədricən kulminasiya nöqtəsinə yaxınlaşır. Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıranTürkiyə dövlət başçısı bildirib ki, hazırda Zəngəzur dəhlizi ilə bağlı məsələdə hər hansı bir problem görmür. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan və Ermənistanın sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəldiyini bəyan edib. Son olaraq oktyabrın 15-də isə N.Paşinyan özünün “Twitter” hesabında Ermənistanın Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiya iclasını keçirməyi təklif etdiyini qeyd edib.

Yekun sülhlə bağlı “Sherg.az”a danışan politoloq Cümşüd Nuriyev  bildirib ki, Ermənistan çoxdan bu sülh müqaviləsini imzalamaq istəyir, lakin indiyə qədər Rusiya, İran kimi  müəyyən qüvvələr  ona mane olub:

 “Burda aranı qarışdırmaq istəyən əsas qüvvələr biridi də Fransadır. Bunlar azmış kimi Fransa prezidenti Emmanuel Makron da  bir tərəfdən siyasi riyakarlıq edir. E.Makron ağıllı siyasətçi deyil. Onun uzaqgörənliyi yoxdur. Hadisələrin sonunu düşünə bilmir. Görünən odur ki, bu ölkələrin ,eyni zamanda,  digər böyük dövlətlərin Cənubi Qafqaz maraqları var.  

Təəssüf ki, ölkəmiz o maraqların kəsişmə nöqtəsində yerləşir. Bir neçə istiqamətdə olan bu  maraqlar Azərbaycan-Ermənistan arasında yekun sülhün imzalanmasına da əngəl törədir. Ona görə Ermənistan sərhəddə hərbi texnika, silah yığır. Çaşqınlıq yaradır. Amma bu oyunlar artıq keçərli deyil.

 Çünki Ermənistan Brüsseldə üzərinə öhdəlik götürüb. İndi onu yerinə yetirmək məcburiyyətindədir. Sonuncu Brüssel görüşündən sonra Azərbaycan prezidentinin yürütdüyü siyasət Ermənistanı çıxılmaz dalana salıb”. 

C.Nuriyev diqqətə çatdırıb ki, biz ilin axırına qədər yekun sülhün imzalanmasını gözləyirik: 

“ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN başçısı Mövlud Çavuşoğlu Türkiyənin Ermənistanla sərhəddi açmağa hazır olduğunu bəyan etdi.

 Ancaq bu şərtlə ki, rəsmi İrəvan Azərbaycanın şərtlərini yerinə yetirsin. Buna görə də Türkiyə tərəfi sülhün imzalanacağına daha əmindir. Görünən odur ki, nə qədər pozucu qüvvələr təsir göstərməyə çalışsa da, proses rəsmi Bakının maraqlarına uyğun şəkildə davam edəcək.  

İndi Azərbaycan  yaxın iki ay ərzində Ermənistanla nəzərdə tutulan yekun sülhü imzalamaq ərəfəsindədir”.