“Yekun sülhün tormozlanmasında Fransanın “rolu” var”

Fransanın Bakıdakı səfirliyi önündə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Fransa prezidenti Emmanuel Makronun Azərbaycan tərəfinin guya Ermənistana qarşı təxribat törətməsi barədə bəyanatından narazılıqlarını bildiriblər.

Analitik Turab Rzayev sözügedən aksiyaya yol açan səbəblərdən  "Sherg.az"a danışarkən bildirib ki, Fransa prezidentinin son çıxışları tamamilə Azərbaycanın milli maraqlarına qarşı yönəlib:

 "Bu çıxışlar Azərbaycan-Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinə deyil, birbaşa Ermənistanın iddialarının dəstəklənməsinə xidmət edir. Buna qədər Azərbaycan-Ermənistan arasındakı son proseslerə fikir versək , sülhə doğru bir çox uğurlar əldə edildiyinin şahidi olarıq. Zəngəzurda avtomobil və dəmir yolunun çəkilişi, sərhədlərin delimitasiyası, demarkasiyası, Ermənistanın Azərbaycan tərəfinin irəli sürdüyü beş baza prinsipinə etiraz etməməsi kimi məsələlərdə razılığın əldə olunması. Hətta ən sonda Praqa görüşündə belə rəsmi İrəvanın Azərbayacının ərazi bütövlüyünü MDB sərhədləri daxilində tanıması müsbət hal kimi qəbul olunurdu.Həmin görüş kifayət qədər pozitiv notlarla yadda qaldı. Xatırlayırsınızsa, Azərbaycan, Ermənistan, Türkiyə və Fransa prezidentlərinin iştirakı ilə dördlü görüş keçirildi. Bu görüşdən bir neçə gün sonra biz Fransa tərəfdən ölkəmizə qarşı bir sıra qərəzli addımlar gördük. Fransa parlamentinin altı üzvü Azərbaycana qarşı sanksiyalara çağırış etdi. Bizə qarşı rəsmi İrəvanın mövqeyini dəstəkləyən qətnamə layihəsini təqdim etdi. E.Makronun özü birbaşa canlı yayımda Qarabağı "Ermənistanın ürəyi" adlandırdı. Bildirdi ki, guya Qarabağ Azərbaycan tərəfindən “işğal olunub” və “Ermənistan torpağıdır”. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədində təyin olunan mülki missiyanın daha çox Fransanın marağında olduğu bəlli oldu" . 

Analitikin sözlərinə görə, bütün bunlar açıq şəkildə Fransanın Praqa və Brüssel görüşlərində əldə olunan nəticələrdən imtina edib tamamilə Ermənipərəst bir mövqeyə çəkildiyini göstərir: 

"Bu da böyük ehtimalla erməni diasporunun və yaxud Fransa ilə bəzi gizli ortaqlarının sövdələşməsinin nəticəsidir. Onlar Azərbaycana təzyiq göstərib Qarabağdakı erməni separatçılarının qalıqları üçün hansısa “status” qoparmaq istəyirlər. Azərbaycan cəmiyyəti, ictimaiyyəti açıq şəkildə öz mövqeyini ortaya qoymalıdır. Təkcə Azərbaycan dövləti deyil Fransanın bu anti-Azərbaycan mövqeyi ilə Azərbaycan xalqı, sıradan vətəndaşlar belə barışmır. Azərbaycan vətəndaşları sırf bu ermənipərəst mövqeyə, haqqı, ədaləti təhrif edən, regionda sülhə xidmət etməyən bütün bu cür yanaşmaların əleyhinədir. İki ölkə arasında yekun sülhün imzalanması, sülhün tezliklə bərqərar olunmamasında Fransanın hazırkı mövqeyi birbaşa rol oynayır" .