“Ermənistanın sülh prosesindən qopması onun üçün öldürücüdür”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasından sonra təşkil olunan mətbuat konfransında çıxış edib. Nazir konfrans zamanı Ermənistanın Azərbaycandakı təxribatları ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, proseslərin sülhə doğru getdiyi bir vaxtda Ermənistan təxribatdan uzaq durmalıdır. 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə "Sherg.az"a danışarkən bildirib ki, Türkiyənin Ermənistan təxribatları ilə bağlı bildirdiyi mövqe İran və Fransaya hesablanıb: 

"Rəsmi Ankaranın bəyanatının arxasında Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi dayanır. Çünki bu cür davam edərsə, Türkiyə həmin prosesdən imtina edə bilər. 

Rsmi İrəvan buna hazır deyil. Ermənistan cəmiyyəti Türkiyə ilə sərhədlərinin açılmasına özlərinin xilası kimi baxırlar. 

Azərbaycan və Ermənistanın sülhə doğru getdiyi bir vaxtda sərhəddə təxribatların artması olduqca narahatedici məqamdır. İndi Türkiyə sülh prosesindən qopmağın Ermənistan və bölgə üçün öldürücü olduğunu ifadə edir".