İran və Hindistandan Rusiyaya zərbə! 

“Rəsmi Moskvanın müttəfiqi olan rəsmi Tehran gizli şəkildə Fransa ilə birlikdə Ermənistandan Qara dənizə qaz kəməri çəkməyə çalışır”

“Rusiyanın daha bir ənənəvi müttəfiqi Hindistan da, Şimal-Cənub layihəsinin istiqamətini İran-Azərbaycan-Rusiya konturundan İran-Ermənistan-Qara dəniz istiqamətinə çevirir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində bəyanatla çıxış edib. O , bəzi dairələrin Zəngəzur dəhlizi ilə bağlı keçirdiyi qorxu və narahatlığın reallıqdan uzaq olduğunu vurğulayıb: "Qarabağda atılan bütün addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur".

Analitik Turab Rzayev Zəngəzur dəhlizinin geopolitik önəmindən "Sherg.az"a danışarkən bildirib ki, indi Fransa-İran-Ermənistan geopolitik ittifaqına qarşı Türkiyə-Azərbaycan-Rusiya geopolitik ittifaqı formalaşıb: 

 "Nə qədər etiraf etməyə çətinlik çəksək də, bölgəmizin və dünyanın geopolitik reallığı bu şəkildə formalaşır. Putin Rusiyanın qazpaylayıcı şəbəkəsinin açarını Türkiyəyə verir. Rusiyanın əbədi müttəfiqi İran isə gizli şəkildə Fransa ilə birlikdə Ermənistandan Qara dənizə qaz kəməri çəkməyə çalışır. 

Rusiyanın daha bir ənənəvi müttəfiqi Hindistan da, Şimal-Cənub layihəsinin istiqamətini İran-Azərbaycan-Rusiya konturundan İran-Ermənistan-Qara dəniz istiqamətinə çevirir. Rusiyanın Pakistan ilə son yaxınlaşması, bəlkə, həm də getdikcə daha sürətlə ABŞ orbitinə girən Hindistana etibar etmədiyi üçündür.

 Beləliklə, Fransa dolayısı ilə Avropa İttifaqı həm qaz kəmərlərini, həm də qlobal əhəmiyyətli nəqliyyat dəhlizlərini İran və Hindistanı da yanına alaraq sırf Ermənistan üzərindən, Rusiya, Türkiyə və Azərbaycanı kənarda saxlamaqla həyata keçirməyə çalışır. Görünən odur ki, bu layihədə güclü ABŞ dəstəyi də var".