Tbilisi Qərbin maraqları əsasında hərəkət edir
Ancaq Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik təklifləri onun müstəqil iradəsinin məhsulu deyil
"Qafqazın üç ölkəsi səylərini birləşdirsə, region daha təhlükəsiz olar". Bu fikirləri Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib. Dövlət başçısı təəssüflə qeyd edib ki, Ermənistan sülh sazişinin imzalanması ilə bağlı rəsmi Bakının təklifinə cavab verməyib: "Bu, çox sadə, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan saziş olacaqdı. Komissar Hanın eyhamı o oldu ki, burada Ermənistan yoxdur.
O dedi ki, burada Cənubi Qafqazın iki ölkəsi iştirak edir, ancaq orada üç dövlət var. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ancaq Ermənistan burada niyə yoxdur? Çünki bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz üçtərəfli əməkdaşlıq formatı Ermənistan tərəfindən rədd edildi". Prezident Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirdiyini açıqlayıb: "Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”.
Gürcüstan parlamentinin vitse-spikeri Giya Volski də deyib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platformadır. O qeyd edib ki, onun ölkəsi həm İrəvan, həm də Bakı ilə xüsusi münasibətlərə sahibdir: "Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında Gürcüstanın rolu, əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edir, xüsusən də bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”.
Onun sözlərinə görə, regionu hərbi eskalasiyadan xilas etmək Tbilisinin maraqlarına uyğundur və tərəflər məhz bunun ətrafında birləşməlidir. Öz növbəsində hakim Gürcü Arzusu Partiyasından olan deputat Mixail Sarjveladze qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır və üzərinə konkret öhdəliklər götürməyə hazırdır: "Hər kəs moderasiyanın mürəkkəbliyini başa düşür, bu məsələ sadə deyil. Bununla belə, tərəflərin və moderatorun bizim regionda sabitliyin və sülhün olmasını təmin etmək istəyi yaxşı ilkin şərtdir".
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, “Avrasiya Orta Dəhlizi:
Yoldan magistrala” mövzusunda panel iclası Avropa İttifaqının Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına töhfə verən missiyasının davamı kimi şərh etmək olar. Analitik bildirib ki, müzakirələrin cövhərini Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunun artması, qarşıda duran çağırışlar, yeni layihələrin canlandırılması təşkil edib: "Çıxışlar daha çox enerji sektorundakı amillər üzərində olsa da, həmin cümlələrin ruhunda təhlükəsizlik, kollektiv müdafiə siyasəti üçün səylərin birləşdirilməsi barədə tezislər mövcud idi. Çünki Davosdakı bu panel iclas Rusiya-Ukrayna müharibəsinin qlobal nəticələrinin aydınlaşmasına və münaqişənin Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinə hansı təzyiqlər yaratmasına verilən reaksiyalar zəncirinin həlqəsi idi. Dövlət başçısı İlham Əliyev regional təhlükəsizlik sferasında Ermənistanın zərərli mövqedə dayandığına bir daha işarələr etdi. İrəvanın Bakı ilə sülh prosesindən qaçdığını göstərdi. Ölkə rəhbəri dedi ki, "Ermənistan Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı təkliflərinə cavab verməyib. Ermənistan Gürcüstanın vasitəçiliyi ilə Tbilisidə liderlər səviyyəsində görüş keçirilməsi təklifini rədd edib. Əgər üç Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar". Bu ideallar Avropa İttifaqı və Türkiyə üçün lazımdır. Hərçənd ki, NATO-nun lideri ABŞ-nin, ona əks qütbdə dayanan Rusiyanın mövqeyi Azərbaycan-Gürcüstan-Ermənistan üçbucağının çəkilməsində böyük maneələrdir".
A.Kərimov qeyd edib ki, Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik təklifləri onun müstəqil iradəsinin məhsulu deyil:
"Tbilisi bu məsələdə Qərbin maraqlarının tələbləri əsasında hərəkət edir. Lakin Gürcüstandakı hökumətin Rusiyadan çəkinməsi onu Moskvanın da maraqlarını nəzərə almağa vadar edir. Bununla da Azərbaycan-Ermənistan liderlərinin görüşünün mümkün Tbilisi formatı Qərblə Rusiya arasındakı rəqabəti də tənzimləyə bilən xassəyə malikdir. Ancaq Azərbaycan və Türkiyə Gürcüstanın NATO ilə Rusiyanın didişmə poliqonu xarakteri qazanmaması üçün əllərindən gələni edirlər. Bu baxımdan Tbilisi formatı elə qurulmalıdır ki, Gürcüstan Rusiyanın hədəfinə gəlməsin".