Bu, Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir
Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağdan Moskvaya qaçmışdı. Vardanyanın hansı yollarla Qarabağdan qaçdığı suallar yaratmışdı. Rubenin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobillərində gizlənərək Qarabağdan qaçdığı bildirilirdi. Moskvada olarkən Ruben Vardanyan israrla Qarabağa qayıtmaq istəmədiyini bildirib. Hətta Vardanyan Qarabağda müxtəlif erməni qruplaşmalar tərəfindən ona qarşı sui-qəsd olunacağı ehtimalının da olduğunu deyib və bundan sonra tapşırıqlara uyğun şəkildə hərəkət edə bilməyəcəyini vurğulayıb. Lakin yalvarışları Vardanyanı xilas edə bilməyib.
Ciddi təzyiqlərlə Vardanyan Qarabağdan qaçdığı formada geri qayıtmaq məcburiyyətində qalıb. Vardanyan-Paşinyan münasibətlərinin yeni təfərrüatları da məlum olub. Əvvəllər yaradılan təəssürata görə, Ermənistan Baş naziri Nikol Paşinyan Vardanyanla gərginlik yaşayıb və onlar ayrı cəbhələrdə olub. Əslində isə bunlar görüntü xatirinə edilib, Vardanyanla Paşinyan birgə hərəkət edirlər. Bütün bu şou isə Ermənistanın Qərbə yaxınlaşdığı, Paşinyanın Rusiyaya qarşı olduğu və Vardanyanla müxalif olması görüntüsünü yaratmaq üçün olub. Bəzi Qərb dairələri də sözügedən şoudan xəbərdar imiş. Ekspertlərə görə, Vardanyanın zorla Qarabağa qaytarılması gələcək perspektivdə bölgədə vəziyyətin gərginləşməsinə səbəb olacaq. Bundan sonra bölgədə Rusiya tərəfindən verilən hansı tapşırıqların icra olunacağı, hansı yeni təxribatların olacağı zamanla məlum olacaq.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın Moskvaya çağırılması və məsləhətləşmələrdən sonra onun eyni yolla geri qaytarılması Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir. Analitikin fikrincə, Moskva Vardanyandan Azərbaycana qarşı istifadə etmək istəyindən əl çəkməyib:
"Rusiyalı rəsmilər Azərbaycanla “strateji tərəfdaşlıqdan” ağızdolusu danışsalar da, erməni separatizminə dəstək vasitəsilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliklərini nümayiş etdirirlər. Bu suallar açıq qalır. Ruben Vardanyanı hansı məqsədlə Moskvaya çağırmışdılar? Onunla Moskvada kim görüşüb və hansı məsələləri müzakirə edib? Moskvanın Ruben Vardanyanı yenidən Qarabağa göndərməkdə məqsədi nədir? Erməni separatçılarının müxtəlif nümayəndələri keçmiş illərdə də Moskvaya səfərlər edir və bu səfərlərin məqsədi Azərbaycana izah edilmirdi. Rusiyalı rəsmilər və diplomatlar heç zaman suallara aydınlıq gətirmədilər. Ruben Vardanyanın Qarabağa qaytarılması xəbərinin yayılmasıyla eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib və rəsmi görüşlər keçirib. Rusiya erməni separatçılarını idarə edirsə, nəqliyyat vasitələri ilə onları Laçın yolundan keçirirsə, Xovayevin “sülh” barədə fikirlərinin əhəmiyyəti olmayacaq. Rusiyaya sülh deyil, bölgə ölkələrinə nəzarət lazımdır ki, biz buna heç zaman razılaşa bilmərik".