Bir neçə gündür ki, Ukrayna ordusunun PUA-larla Krım yarımadasına zərbələr endirdiyinə dair məlumat yayılır. Ukrayna rəsmi mənbələri yayılan informasiyalara hələ ki, münasibət bildirməyib. Amma Rusiya tərəfi Krım səmasında Ukrayna dronlarının vurulduğunu bildiriblər. Doloyısı ilə Moskva Kiyevin Krıma hücumunu təsdiqləyib.
Əvvəllər də dediyimiz kimi, Krımda döyüşlərin başlanacağı gözlənilən idi. Nəzərə almaq lazımdır ki, Ukrayna bu il müharibəni bitirməyi planlaşdırır. Prezident Volodimir Zelenski deyib ki, Krım azad olmadan savaş başa çatmayacaq.
İkincisi, Qərb dövlətləri artıq Ukraynaya ağır tanklar və uzaqmənzilli silahlar verməyə başlayıblar. Silah tədarükünün gələcəkdə davam edəcəyi gözlənilir. Əlbəttə, bu, döyüş meydanındakı duruma da təsir edir.
Üçüncüsü, Rusiyanın hərbi imkanları getdikcə tükənir. Artıq Tehran da Moksvaya çox kömək edə bilmir. Bu isə Ukrayna Silahlı Qüvvələrinin əks – hücum əməliyyatlarına başlamasına şərait yaradır.
Yaxın gələcəkdə yarımadadakı döyüşlər barədə rəsmi məlumatın verilməsi gözləniləndir. Bu, müharibənin miqyasını daha da genişləndirəcək. Eyni zamanda sülh perspektivini minimuma endirəcək.
Krımda döyüşlər intensivləşərsə, Ukrayna ordusu ciddi itkilər verməli olacaq. Çünki Rusiya uzun müddət ərzində Krımda möhkəmlənib, ərazidə güclü istehkamlar yaradıb.
Krımda döyüşlər intensivləşərsə, müharibənin inkişafında daha ciddi, qanlı mərhələ başlayacaq.
Kənan Novruzov