Məsuliyyət birbaşa Rusiyanın üzərindədir 

Erməni separatçıları Qarabağa silah cəmləmək üçün rahat şəkildə və dəfələrlə alternativ yollardan istifadə edirlər

Bütün bunlara əsaslanıb çox rahatlıqla antiterror əməliyyatlarına başlamaq qərarı verilə bilər


  Erməni silahlıları növbəti dəfə təxribat törədiblər. Martın 5-i səhər saatlarında separatçıların Laçın yoluna alternativ olan Xəlfəli yolu ilə Ermənistandan Xankəndiyə silah-sursat daşınmasının davam etdirildiyi barədə siqnallar daxil olub. Əməliyyat məlumatlarını alan Azərbaycan hərbçiləri ərazidə yoxlama aparmaq üçün Xəlfəli yoluna çıxıblar. Lakin separatçılar maşını saxlama əmrinə riayət etməyərək avtomobildən hərbçilərimizə atəş açıblar. Cavab atəşi ilə düşmən zərərsizləşdirilib. Erməni mətbuatı yüksəkrütbəli üç separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb. Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident göstərdi ki, separatçılar Laçın dəhlizinə alternativ olaraq bu yoldan uzun müddətdir istifadə ediblər. Yəni baş verən insident ilk olsa da, separatçıların bu yolla Qarabağa qanunsuz silah daşıması ilk hal deyil. 

  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, baş vermiş insident bir daha Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Nazirlik qeyd edib ki, Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir: "Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür". Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində yazıb ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident bir daha Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə ehtiyac olduğunu təsdiqləyir: "İnsan tələfatı ilə nəticələnən insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda təcili irəliləyişin vacibliyini vurğulayır". Ermənistanın rəsmi qurumları baş vermiş təxribatı ört-basdır etmək üçün hadisəyə fərqli don geyindirməyə cəhd göstəriblər. Erməni rəsmiləri alternativ yolla hərəkət edən avtomobildə silah-sursat olmadığını həyasızcasına iddia edərək, maşındakı şəxslərin "sənəd" apardığını uydurublar. Həmçinin Azərbaycan tərəfini heç bir səbəb olmadan erməni maşınına "diversiya" təşkil etməkdə suçlayıblar. Təbii ki, ermənilərin əsassız iddiaları və özlərinə bəraət qazanmaq cəhdləri yayılan foto və video faktlarla çürüdülüb. 

  Ermənilərin təxribatı bununla bitməyib. Martın 5 və 6 tarixlərində Ermənistan silahlı qüvvələri Kəlbəcər, Daşkəsən və Gədəbəydəki mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutublar. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Şuşa, Xocavənd və Ağdam şəhərlərinə atəş açılıb. Baş verənləri şərh edən ekspertlər bir sıra məqamlara diqqət çəkiblər. Vurğulanıb ki, təxribat və atəşkəsin pozulması hallarının Xocalıda ermənilərlə ilk təmasdan sonra baş verməsi diqqətçəkən məqamdır. Bəzi şərhçilərə görə, “Azərbaycana inteqrasiya mümkün deyil” görüntüsü yaratmaq üçün separatçıların “çıxış yolu” gərginliyin yaradılması idi. Şübhəsiz, Ermənistandan gələn avtomobilin Laçın yolundan kənar ərazidən keçməsi yükün qeyri-humanitar məqsədli olduğunu ortaya qoyur. Əgər avtomobildə qanunsuz yük olmayıbsa, niyə aksiyanın davam etdiyi Laçın yolundan kənar, gizli ərazidən keçməyə cəhd edib?! Görünür, separatçı-terrorçular böyük təxribata hazırlıq məqsədilə Ermənistandan yeni silahları Azərbaycan ərazisinə bu yolla keçirməyə çalışıb. 

  Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Şərq"ə açıqlamasında bildirib ki, qanunsuz yolla Qarabağa silah-sursat daşınmasının məqsədi separatçıların əli ilə bölgədə gərginlik yaratmaq, istədikləri anda təxribat törətməkdir. Polkovnikin sözlərinə görə, separatçıları ruhlandıraraq onlara vədlər verirlər: 

"Xəlfəli yolu qışda qarla örtülü olduğu üçün həmin yoldan istifadə qeyri-mümkün idi. Ancaq indi havalar isinir və kənar yollardan istifadə üçün imkanlar yaranır. Erməni separatçıları Qarabağa silah cəmləmək üçün rahat şəkildə və dəfələrlə alternativ yollardan istifadə edirlər. Bununla bağlı videogörüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi tamamilə uydurma danışır. Əgər ermənilər iddia etdikləri kimi sadəcə sənəd-sünəd aparırdısa, niyə bunu kənar yolla, özü də gizli şəkildə ediblər? Deməli, avtomobildə hərbi təyinatlı yüklər, silahlar, rabitə avadanlıqları və s. olub. Bu məsələdə əsas məsuliyyət birbaşa Rusiyanın üzərinə düşür. Moskva 2020-ci ilin noyabr ayında imza atdığı üçtərəfli bəyanatın 4-cü maddəsinə istinadən erməni quldurlarını tərksilah edərək ərazidən çıxartsaydı, belə təxribatlarla üzləşməzdik. 44 günlük savaşdan sağ-salamat çıxan hərbçimizin iki il sonra erməni təxribatı nəticəsində şəhid olması nə deməkdir?! Ötən gün bir zabitimiz də minaya düşərək həyatını itirib. 2020-ci ildən bu yana 300-ə yaxın hərbi qulluqçu və mülki şəxslər mina qurbanına çevrilib, zərər görüblər. Bunların əsas səbəbkarlarından biri də Moskvadır". 

  Ü.Cəfərovun qənaətincə, baş verənlərdə məqsəd danışıqlar və sülh prosesini pozmaq, Azərbaycan-Ermənistan rəhbərlərinin gözlənilən görüşünə mane olmaqdır:

 "Rusiya Qərbin moderatorluğunda baş tutacaq təmaslara qısqanc yanaşır və reallaşmasını, hansısa nəticə hasil olmasını istəmir. Eyni zamanda buna mane olmağa çalışır. Tərəflər arasında elə bir gərginlik, qarşıdurma yaratmaq istəyirlər ki, uzun müddət hər hansı məsələdə anlaşma əldə olunmasın, sülh müqaviləsində yol qət etmək reallaşmasın. Silahların gizli yollarla Qarabağa daşınmasının və təxribatların başlıca məqsədi də budur. Vəziyyəti kritikləşdirmək üçün avtomat və pulemyotlardan əlavə minaatanlardan da istifadə edirlər. Minaatanlar ağır silahlar sayılır və dağıdıcı gücə malik olurlar. Şuşanın atəşə tutulması bütün həddlərin aşılması, cizgilərin keçilməsidir. Ən qısa müddətdə bölgədə, Laçın yolunda postumuz qurulmalı və vəziyyətə özümüz nəzarət etməliyik". 
  Polkovnik antiterror əməliyyatları ilə bağlı ictimaiyyətdə səslənən çağırışlara da toxunub: "Müəyyən dövrlərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini, general-leytenant Ceyhun Şadlinski, o cümlədən Müdafiə və Xarici işlər nazirliklərimiz kifayət qədər faktlar ortaya qoyublar. Əlimizdə xeyli görüntülər, dəlil-sübutlar var. Qarabağa qanunsuz yollarla həm silah-sursat, həm də minalar daşınıb. Baş vermiş təxribatlarda onlarla şəhid vermişik, yaralılarımız olub. Bütün bunlara əsaslanıb çox rahatlıqla antiterror əməliyyatlarına başlamaq qərarı verilə bilər. Əgər Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, bunu biz etməliyik. Öz ərazimizdə istənilən addımı ata bilərik və atmalıyıq. Sözsüz, əməliyyatlar başlasa, yenə boş-boş danışanlar, etiraz bildirənlər çıxacaq. Məsələn, Fransa kimi ölkələr Azərbaycana qarşı sanksiyalardan danışacaq, atəşkəs çağırışı edəcəklər. Ancaq bizim üçün əhəmiyyətsiz olacaq".