Azərbaycanı sevməyən qüvvələr iş başındadır 

Məqsəd onsuz da həssas olan bölgədə vəziyyəti daha da gərginləşdirməkdir

“Avropa İttifaqının "mülki missiyası"ndan da gözləntimiz olmamalıdır. Çünki Aİ-nin xüsusi missiyası Ermənistan tərəfindən törədilmiş atəşkəs pozuntularını, təxribatları qeydə almayacaq”

  Avropa İttifaqının Ermənistandakı "mülki missiya"sının rəhbəri Markus Ritter deyib ki, bir həftədən artıq aparılan monitorinqlər zamanı indiyədək Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb. O vurğulayıb ki, hazırda Ermənistanda 100 nəfərlik missiyanın 50-yə yaxın üzvü var, qalan heyətin mart və aprel aylarında gələcəyi gözlənilir: "50 silahsız müşahidəçidən əlavə, missiyanın qalan üzvləri inzibati heyətdir. Missiyanın işində təhlükəsizlik mütəxəssisləri, həkimlər, o cümlədən məruzəçilər də iştirak edir. Missiya hər həftədir Brüsselə gizli hesabatlar göndərir”. Qeyd edək ki, martın 5-i və 6-sı tarixlərində Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən, Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərimizi iri çaplı silahlardan və minaatanlardan atəşə tutublar. O cümlədən rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən erməni qanunsuz silahlı dəstələri Şuşa, Ağdam və Xocavəndi atəşə məruz qoyublar. Lakin təəccüblü olsa da, Aİ-nin missiyası bir neçə gün baş verən və saatlarla davam edən atəşkəs pozuntularından, bölgədə baş vermiş insidentlərdən, təxribatlardan "bixəbər" olduğunu açıqlayıb.   Həmçinin Rusiya Müdafiə Nazirliyi də günlər keçməsinə rəğmən, susqunluğunu qorumaqdadır. Bugünədək Kremldən rus sülhməramlılarının xidmət göstərdiyi bölgədə baş vermiş olaylara dair hər hansı bəyanat gəlməyib. Sadəcə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağda baş verən son gərginliyi şərh edib və hadisələrdən "dərin narahatlığını" bildirib. 

  Aİ-nin Ermənistanda yerləşmiş missiyasının "hesabatını" dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanı sevməyən qüvvələr iş başındadır və məqsəd onsuz da həssas olan bölgədə vəziyyəti daha da gərginləşdirməkdir. 

Analitikin fikrincə, Ermənistanın əliylə təxribatlar bundan sonra da gözləniləndir: "Hər ölkənin Cənubi Qafqazda, Azərbaycanda öz marağı var. İlk növbədə qeyd edim ki, Rusiyanın susqunluğuna təəccüb etməməliyik. Moskva bənzər davranışları çox sərgiləyib. Yaxud bir müddət sonra mənasız, yaxud həqiqətdən uzaq açıqlama yaymaqla kifayətlənib. Avropa İttifaqının "mülki missiyası"ndan da gözləntimiz olmamalıdır. Çünki Aİ-nin xüsusi missiyası Ermənistan tərəfindən törədilmiş atəşkəs pozuntularını, təxribatları qeydə almayacaq. Missiyanın əsas vəzifəsi Azərbaycan Ordusunun hansısa erməni təxribatına qarşı cavab tədbirlərini "Ermənistana hücum əməliyyatı" kimi qeydə almaqdır. Tərəfimizdən bir güllə atılsa, dərhal dəftərə qeyd edəcəklər. Reallıq budur. Sadəlövh olmamalıyıq. Missiya rəhbəri özü etiraf edir ki, Brüsselə gizli hesabatlar göndərirlər. Orada nə yalanlar yazdıqlarını özlərindən başqa heç kim bilmir. Elə təlimatları da Brüsseldən alırlar. Avropa İttifaqı hazırda pat vəziyyətindədir. Çünki Aİ-nin üçlü görüş formatını Rusiya və ABŞ da təklif edib. Hazırda vasitəçilərin öz aralarında nüfuz savaşı gedir. Ona görə də Azərbaycan bütün platformalarda milli maraqlarını əsas götürür və konkret heç bir formata birmənalı bel bağlamır. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə yüksək peşəkarlıqla Fransanı oyundan kənar vəziyyətdə qoydu". 

  C.Nuriyev diqqətə çatdırıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "sülh sazişinə imza atmağa hazır olduğunu" bəyan etsə də, bu istiqamətdə real addım atmır: 

"Ya özü atmır, ya da atmaqdan çəkinir. Çünki son günlər sərhəddə, Qarabağda törədilən təxribatlar Paşinyanı sevməyən radikal və revanşist qüvvələr tərəfindən həyata keçirilə bilər. Onları silah-sursatla təmin edən isə Rusiya hərbi kəşfiyyatı və generalitetidir. Bu güclər bölgəyə Brüsselin, Vaşinqtonun girməsini qətiyyən istəmirlər. Qərbə gücü çatmayan və Ukrayna ilə müharibə şəraitində olan Moskvanın gücü ancaq belə ssenariləri tətbiq etməyə çatır. Əgər Paşinyan Rusiyanı bölgədən uzaqlaşdırmaq istəyirsə, Azərbaycanla sülh müqaviləsinə imza atmalı, sərhədlərin müəyyənləşməsinə getməlidir. Müqavilədən sonra üçtərəfli saziş qüvvədən düşmüş sayılacaq və rus qüvvələri bölgəni tərk edəcəklər. Rusiyanı narahat edən və aqressiyasını artıran bu məqamdır".