Ərdoğan qalib gələcək

Akşenerin müxalif bloka geri dönməsi heç nəyi dəyişmir

"Altılı masa" vahid namizədlə seçkiyə getsə belə məğlubiyyətə, uğursuzluğa məhkumdur"


  Türkiyədəki müxalif İYİ Partiyanın sədri Meral Akşener “altılı masa”ya geri dönüb. İYİ Partiyanın sözçüsü Kürşad Zorlu mətbuata açıqlamasında Meral Akşenerin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib: "Sədrimiz bir azdan baş tutacaq “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”. Xatırladaq ki, Meral Akşener iki CHP-li bələdiyyə sədrinin - İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyə sədri Mənsur Yavaşın adlarının prezident köməkçisi qismində hallanmasını "altılı masa"ya qayıtmaq üçün şərt olaraq irəli sürmüşdü. Akşenerin bu şərtlərlə "6-lı masa"ya geri döndüyü deyilir. Məlumat üçün bildirək ki, Meral Akşenerin "Millət İttifaqı"nı təşkil edən "altılı masa"nın fəaliyyətini sərt tənqidindən sonra beş partiya toplaşaraq "yola davam" qərarı almışdı. Lakin sonrakı gedişat və aparılan qarşılıqlı müzakirələr İYİ Partiya sədrinin yenidən müxalif blokun çətiri altına dönməsinə yol açıb. Yəni "altılı masa"nın prezidentliyə vahid namizədi CHP sədri Kamal Kılıçdaroğludur. 
  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Akşener yenidən CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləsə və "altılı masa" öz vahid namizədini çıxartsa belə nəticə dəyişməyəcək: "Fikrimcə, seçkinin elə ilk turunda "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan qalib gələcək. "Altılı masa" və onların dəfələrlə seçkilərdə məğlub olmuş vahid namizədi həddindən ziyadə şişirdilir. Elə təsəvvür yaradırlar ki, guya, "altılı masa" öz vahid namizədi ilə seçkiyə qatılarsa, bu, AKP-nin məğlubiyyətinə səbəb olacaq. Ən azından seçkinin ikinci tura qalacağına ümid edirlər. Ancaq mən o fikirdə deyiləm. Çünki "altılı masa"da hələ də ciddi fikir ayrılıqları mövcuddur. Akşenerin müəyyən şərtlərlə müxalif bloka geri dönməsi heç nəyi dəyişmir. Bir neçə gün sonra yenə də ziddiyyətli açıqlamalar, qarşıdurmalar ola bilər. "Altılı masa" qeyri-sağlam və dəyişkən məvhumdur. Orada bir-birini qəbul etməyən, aralarında ciddi fərqlər olan siyasi güclər yer alıb. Bu qədər çək-çevirlə, ziddiyyətlə, ittihamlarla seçkiyə qatılmaq və uğur əldə etmək mümkün deyil. Çünki seçicinin etimadını, güvənini itirirlər. PKK-nın siyasi qolu sayılan HDP-ni unutmaq olmaz. İYİ Partiya sədri Meral Akşener HDP ilə necə bir araya gələcək?! O baxımdan düşünürəm ki, "altılı masa" vahid namizədlə seçkiyə getsə belə məğlubiyyətə, uğursuzluğa məhkumdur".