Sülhməramlı kontingentin fəaliyyəti sual altındadır


Təxribatlar göstərir ki, Kreml üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsində maraqlı deyil

Qarabağdakı separatçı-terrorçulara Xankəndi-Xəlfəli-Turşsu gizli yolu ilə silah daşınması və bu faktın ifşası ermənilər arasında panika yaradıb. Martın 5-də Xəlfəli yolunda baş verən erməni təxribatı, şübhəsiz ki, “situasiya” xarakterli epizod deyil, planlı akt olub. Görünür, düşmən alternativ yolun nə vaxtsa yoxlanılacağını təxmin edib və buna hazırlıq görüb. Rusiya sülhməramlılarının da iştirakçısı olduğu bu hadisə həqiqətən də, vəziyyətin qızışması riskinin yüksək dərəcəsini göstərir. 

Bu hadisələr Ermənistan-Azərbaycan münaqişəsi ətrafında cərəyan edən siyasi və ya geosiyasi rəqabətin qızışması şəraitində baş verib. Təxribat Nikol Paşinyanın Almaniya kansleri Olaf Şoltsla görüşü ərəfəsində, Rusiyanın xarici işlər naziri Lavrovun Bakıya səfərindən bir neçə gün sonra baş verir. Eyni zamanda təxribat Aİ-nin xüsusi nümayəndəsinin Toivo Klaarın Bakıya səfəri günü, həmçinin ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononun Bakıya səfərindən bir gün əvvəl baş verir. Belə çıxır ki, Lavrovun nəzarət-buraxılış məntəqələri ilə bağlı açıqlaması və Şoltsun qondarma “öz müqəddəratını təyin etmə” məsələsinə istinadı separatçıları həvəsləndirib. 

  Milli Həmrəylik Partiyasının sədri, müharibə veteranı Əlisahib Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasını istəmədiyi artıq hər kəsə gün kimi aydındır. Partiya rəhbəri qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları məsələsində nə vaxt ən kiçik bir irəliləyiş müşahidə olunursa, bunun ardınca dərhal ya sərhəddə, ya da separatçıların cəmləşdiyi Azərbacan ərazilərində silahlı insidentlər, təxribatlar baş verir:

 "Bütün bunlar isə onu göstərir ki, Rusiya tərəfi vasitəçi və zəmanətçi ölkə kimi tərəflər arasında münasibətlərin normallaşdırılmasını və yekun sülh sazişinin imzalanmasını təmin etməyi bir öhdəlik kimi öz üzərinə götürsə də, həqiqətdə real sülhün bərqərar olunmasını istəmir. Bunun tam əksi olaraq Rusiya daha da aranı qızışdırmağa çalışır. Martın 5-də baş vermiş təxribat göstərir ki, Rusiya üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsində maraqlı deyil. Belə vəziyyətin davam etməsi Rusiya sülhməramlılarının himayəçiliyi altına sığınmış erməni separatçılarına da sərf edir. Nikol Paşinyan da üzdə özünü "sülh tərəfdarı" kimi təqdim etməsinə baxmayaraq, Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri üçün silah, sursat, təminat və digər hərbi vasitələrin daşınmasının davam etdirilməsinə göz yumur. Lakin Kremlin və İrəvanın məsələyə necə yanaşmasından və onların hansı geosiyasi hədəflərə can atmasından asılı olmayaraq üçtərəfli bəyanatın şərtləri mütləq yerinə yetirilməlidir. Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin bizim ərazilərimizə göndərilməsinə və rotasiyasına dərhal son qoyulmalıdır. Eləcə də bütün erməni silahlı qüvələri ölkəmizin ərazisindən tam çıxarılmalıdır".

  Ə.Hüseynova görə, Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün bir qədər başqa formada hələ də davam etdirilməsi anlamına gəlir: 

"Bu isə o deməkdir ki, Rusiyanın sülhməramlı kontingenti öz üzərinə düşən vəzifəni yerinə yetirmir, Ermənistan isə bundan sui-istifadə edir. Lakin bu hal uzun müddət davam edə bilməz. Bu kimi qəbuledilməz hallara dərhal son qoyulmalıdır. Rusiya sülhməramlı kontingenti separatçılara himayəçilik etmək əvəzinə, üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Burada bir digər önəmli məqam da ondan ibarətdir ki, Rusiya və Ermənistan bu kimi qəbuledilməz hərəkətləri ilə özlərinə qarşı ciddi inamsızlıq yaradır. Üçtərəfli bəyanatın icra olunmamasını sübut edən faktlar da bu inamsızlığı daha da qüvvətləndirir. 

Ermənistandan alternativ (torpaq) yollarla Qarabağa hərbi ləvazimatların, silah-sursatın daşınması Azərbaycan ərazilərində hələ də qanunsuz silahlı birləşmələrin olduğu faktını bir daha əyani təsdiqləyir. 

Hətta ortaya çıxan videogörüntülər də göstərir ki, ermənilər Qarabağa qanunsuz hərbi texnika və sursat daşımalarını yenə də davam etdirir. Videokadrlarda qanunsuz erməni silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür. Rusiya və Ermənistanın bu davranışları cavabsız qala bilməz. Bu son hadisələrdən sonra bizim hərəkətə keçməyimiz üçün tam əlverişli zəmin yaranıb. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqələri qurmalıdır. Baş vermiş son hadisələrin məntiqi də bunu tələb edir. Əks təqdirdə öz ərazilərimizdə antiterror əməliyyatı keçirmək hüququmuzu özümüzdə saxlayırıq".