Türkiyədə gərgin seçki gözlənilir

Mübarizə  Ərdoğanla Kılıçdaroğlunun arasında keçəcək

Ən pis halda ikinci tura gedə bilərlər ki, burada da mövcud hökumət daha şanslı görünür



  Türkiyənin müxalifət koalisiyası olan “Millət İttifaqı” prezidentliyə namizədinin adını açıqlayıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi rəsmən elan edilib. Bu barədə “altılı masa”nın son toplantısında qərar qəbul olunub. Altı lider səhnəyə birlikdə çıxıb və qərarı Səadət Partiyasının sədri Təməl Karamollaoğlu açıqlayıb. O, "Millət İttifaqı"nın namizədinin Kamal Kılıçdaroğlu olduğunu elan edib: "Sizi daha çox gözlətmək istəmirəm. Toplantılarımız nəticəsində aldığımız qərarı elan edirəm. Kamal Kılıçdaroğlu bizim prezidentliyə namizədimizdir". Beləliklə, prezidentlik uğrunda əsas mübarizənin Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında keçəcəyi dəqiqləşib. 

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində keçiriləcək. Məlumat üçün deyək ki, İYİ Partiyanın sədri Meral Akşener müxalif koalisiyanın son iclasında CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizəd olmasına etirazını bildirmişdi. O, Ankara və ya İstanbul bələdiyyə sədrlərindən birinin namizəd olmasını istəyirdi. Bələdiyyə başqanları Mansur Yavaş və Əkrəm İmamoğlu ötən gün Akşeneri ziyarət edərək, onu "altılı masa"ya qayıtmağa razı salıb. Akşener Ankara və İstanbul bələdiyyə sədrlərinin vitse-prezident olma şərti ilə Kılıçdaroğlunun namizədliyinə razılıq verib. 

  Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı  partiyasının qrup toplantısında gündəmi dəyərləndirib. O, yenidən "altılı masa"ya qayıdan İYİ Partiya sədri Meral Akşenerə sərt sözlər deyib: 

"Bir ildir oturduqları masanı əvvəlcə qumar masası, kiçik hesablar masası adlandırıb, sonra yenidən əyləşənlər çox prinsipsiz şəxslərdir. Qalib gələ bilməyəcəyini deyən prezidentliyə namizədin yanında dayanmağın başqa adı yoxdur. Çürük siyasətin prinsipsizliyidir. Mövqe danışıqları ilə masa arxasına əyləşən İYİ Partiya sədri ağır sözlərinin altından necə qalxacaq? Millətin üzünə utanmadan necə baxacaq? Bir dəfə satan yenə satar! Millətimiz və Türkiyə belə bir müxalifətə layiq deyil. Masada otura bilməyənlərin 85 milyona xidmət etməsi üçün siyasi mövqe sərgiləməsi gözləmək əbəs gözləntidir". Prezidentliyə namizədliyi rəsmən açıqlanan Kamal Kılıçdaroğlu yeni həmləsi ilə diqqət mərkəzindədir. Onun Xalqların Demokratik Partiyasını (HDP) ziyarət edəcəyi açıqlanıb. CHP-nin sədr müavini Özgür Özəl “Habertürk” telekanalının canlı yayımında bu barədə danışıb. O, HDP-nin dəvətini müsbət dəyərləndirib: “Ölkəni idarə edəcək bir prezidentliyə namizədin hər siyasi partiyanı ziyarət etməsi, edəcəklərini anlatması son dərəcə normaldır. Belə bir ziyarət ehtimalı da mövcuddur. HDP 6 milyon səs toplamış bir siyasi partiyadır. Onu yox saymaq, görməzdən gəlmək olmaz. Mən də HDP-ni daha əvvəl ziyarət etmişdim. Yenə də ziyarət oluna bilər”.
  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Meral Akşener məsələsi hələ tam olaraq dəqiq bilinmir. Seçkilərdə başqa namizədlərin adları qətiləşmək üzrədir. Bu isə Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncədir: "Digər bir namizədin olacağı ehtimalı da artmaqdadır. Bu isə Sinan Oğandır. Sinan Oğan millət vəkili olaraq fəaliyyət göstərdiyi dönəmlərdə daha aktiv siyasətə qatılsa da, son zamanlar mediadan uzaqlaşdığı hiss edilməkdədir. Sinan Oğan türk millətçilərinin müstəqil prezidentliyə namizədi kimi seçkiyə getdiyini elan edir. Görünən odur ki, səslərin parçalanması artacaq. Kamal Kılıçdaroğlunun kimliyi də son zamanlar cəmiyyət və mediada sorğulanmaqdadır. Fikrimcə, Məhərrəm İncənin 2018-ci ildə "Millət İttifaqı"nın və CHP-nin vahid namizədi olmasına baxmayaraq, CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurması və bu seçkilərə qatılmaq qərarı CHP-nin səslərini ciddi şəkildə parçalaya bilər. Ona görə ki, Məhərrəm İncə Kamal Kılıcdaroğlundan və digər "altılı masa" nümayəndələrindən daha xarizmatik siyasətçidir və demək olar ki, CHP tərəfdarlarının ona ciddi simpatiyası var. Bu da səslərin parçalanması deməkdir. Görünən odur ki, seçkidə prioritet namizəd Rəcəb Tayyib Ərdoğandır. Hər vəziyyətdə Türkiyədə gərgin seçkinin olacağı açıq şəkildə görünməkdədir". 
  S.Hümbətov bildirib ki, mövcud iqtidar son 20 ildə Türkiyənin həm daxili, həm də xarici siyasətini demək olar ki, yenidən formalaşdırdı: "Türkiyə daxilində terrorun minimuma endirilməsi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan yarımadası, Yaxın Şərq və Şimali Afrikada, Şərqi Aralıq Dənizində mövqelərin möhkəmlənmə, Türk Dövlətlər Təşkilatını qurması, Türkiyənin özünəməxsus müdafiə sənayesini qurması və inkişaf etdirməsi və digər məsələlər Qərb dövlətləri, xüsusilə də ABŞ ilə müzakirə edilmədən reallaşdı. Nəticədə Ərdoğan hökuməti Qərb üçün arzuolunmaz qəbul edilməyə başlanıldı. Hazırda Qərb dövlətləri mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır. Türkiyədə mövcud hökumət daha çox islamçı və millətçi ideologiya üzərində qurulub. Hökumət həm dindar, həm də millətçi kəsimdən dəstək almağı bacarır. Bu isə o deməkdir ki, mövcud hakimiyyət cəmiyyətin böyük hissəsinə nüfuz edir. Seçkilərdə böyük möcüzələr gözləməyə dəyməz. Güman ki, nəticə 50 faizin üzərində olacaq. Ən pis halda ikinci tura gedə bilərlər ki, burada da mövcud hökumət daha şanslı görünür".