Paşinyanın növbəti demaqoq hücumu baş tutmayıb

Azərbaycan Parlamentində milli azlıqların təmsilçiləri Ermənistandakından dəfələrlə çoxdur

Almaniyaya səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan Berlində Ermənistan dövlətinin monoetnik mahiyyətini gizlətmək üçün Parlamentdə 4 etnik azlığın (ruslar, kürdlər, yezidlər, asurlar) nümayəndələrinə seçkilərdə iştirak etmədən bir mandat verildiyini misal çəkib. Azərbaycanı ittiham edən Baş nazir Ermənistanda etnik azlıqlara "yüksək hüquq və azadlıqlar", "xüsusi səlahiyyətlər" verildiyini iddia edib. Qeyd edək ki, Azərbaycanda etnik icmaların nümayəndələri Parlamentdə seçki proseduru ilə digər vətəndaşlarla bərabər şəkildə təmsil olunurlar. Aralarında rus, yəhudi, ləzgi, kürd, talış və başqaları var.

Onlar həmçinin Konstitusiya və Ali Məhkəmədə, Prezident Administrasiyasında, rayon və şəhər icra hakimiyyəti başçıları arasında, bələdiyyə şuralarında və digər bütün strukturlarda da təmsil olunurlar. Hər zaman olduğu kimi Paşinyanın növbəti demaqoq hücumu da baş tutmayıb.  
  Deputat Sahib Alıyev deyib ki, Paşinyan "qaş düzəltdiyi yerdə göz çıxarıb”. Parlament üzvü baş nazirin iddialarının saxtalığını arqumentlərlə ortaya qoyub: "Bizim Parlamentdə milli azlıqların təmsilçiləri Ermənistandakından dəfələrlə çoxdur. Bu reallıq heç də Ermənistandakı kimi gözə kül üfürmək məqsədilə, yəni onlara ayrıca mandat ayrılması nəticəsində yaranmayıb. 

Bu, Azərbaycanda tolerantlığın təkcə dövlət siyasəti deyil, həm də həyat tərzinə çevrilməsi, etnik və dini kimliyə fərq qoyulmaması səbəbindən meydana çıxan və yetkin millət kimi formalaşmış cəmiyyətlərə xas konfiqurasiyadır. Ermənistanda belə bir reallıq olmayıb, indi də yoxdur və uzun müddət gözlənilmir. Paşinyan etnik azlıqlardan hərəsinə parlamentlərində bir mandat ayrılmasını "humanistlik" kimi təqdim edə bilər. Əslində isə bu, sivillikdən, demokratik seçki prinsipindən və ədalətdən tam uzaq haldır. Çünki Ermənistanda yezidilərin sayı aysorulardan 13 dəfə çox olduğu halda, Parlamentdə hər ikisi ancaq bir deputatla təmsil edilir. O baxımdan azərbaycanlıların Qərbi Azərbaycandakı yurd yerlərinə geri dönüşü Ermənistan Konstitusiyasının da dəyişməsini zəruri edir. 

Qayıdışdan sonra Ermənistan Parlamentində ən azı hər on nəfərdən biri azərbaycanlı olacaq. O da hələ ilk dövrlərdə. Sonrasını isə zaman göstərəcək”.