Ermənistan etiraz edə bilməyəcək


Azərbaycan ABŞ və Brüsseldən Laçın yolunda gömrük postu ilə bağlı dəstək alıb

 
  İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər. Eyni zamanda Laçın yolundakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Xatırladaq ki, Amerikanın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvandan qabaq Bakıda səfərdə olub və Azərbaycan Prezidenti ilə görüşüb. Bono Bakıda vurğulamışdı ki, Ağ Ev Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün təmin edilməsinin tərəfdarıdır. Qeyd etmişdi ki, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin Vaşinqtonun Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını və narahatlığını anladığını vurğulamışdı. Məlumat üçün bildirək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da martın 6-da Prezident İlham Əliyevin qəbulunda olub. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, ABŞ Azərbaycanın Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi və gömrük postu qurmasını dəstəkləyir. Analitikin fikrincə, Qarabağda terrorçu rejimin başçısı Araik Arutyunyan təxribatlarından sonra Ermənistandan hərbi yardım istəyib: "Arutyunyan məhz Rusiyanın təlimatı ilə Ermənistandan hərbi yardım istəyir. Kreml Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin pozulmasına çalışır. Paşinyan Almaniyaya səfərində Azərbaycanla sülh müqviləsinə hazır olduqlarını söyləmişdi. Azərbaycan məhz Vaşinqton-Brüssel vasitəçiliyinə etimad edir. Rusiyanıın iştirakı ilə ermənilərlə təmaslar manipulyasiyadır və Kreml sabotajla məşğuldur. Bunun heç bir perspektivi yoxdur. Azərbaycan özü birbaşa təmaslara getməlidir. ABŞ dövlət katibi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Azərbaycanın Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin qoyulmasına etiraz etmədiklərini dedilər. Laçın yolunda postların qurulması Fransanın "humanitar missiya" adı altında Xankəndiyə girməsinin qarşısını da alacaq. Demək olar ki, Azərbaycan ABŞ və Brüsseldən Laçın yolunda gömrük postu ilə bağlı dəstək alıb. Prinsipcə, Ermənistan da etiraz edə bilməyəcək. Rusiyanın etirazları isə nəzərə alınmamalıdır".