Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fələstin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.
Bununla bağlı Fələstin Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.
Görüşün əhəmiyyətini "Sherg.az"a açan politoloq Samir Hümbətov vurğulayıb ki, Azərbaycan Fələstinlə çox yaxşı tərəfdaşlığa və əlaqələrə malikdir:
“Azərbaycan tərəfi İsraildə səfirliyin açılması ilə paralel olaraq Fələstində də nümayəndəliyin açılması barəsində qərar qəbul etdi.
Bu o deməkdir ki, Azərbaycan təkcə İsraillə yox, Fələstinlə də əlaqələrinin inkişafında maraqlıdır. Bu sahədə isə artıq addımlar atıb və nümayəndəliyin açılması həyata keçirilib.
Belə olan halda Azərbaycan-İsrail, Azərbaycan-Fələstin münasibətlərinin inkişaf, gələcəkdə rəsmi Bakının İsrail-Fələstin arasındakı münasibətlərin yaxşılaşdırılmasında vasitəçi olmaq imkanı yaradır. Buna dair isə Azərbaycanın yetərincə təcrübəsi var və müəyyən mənada bu addımlar atıla bilər.
Təbii ki, bu tərəflərin istəyindən və beynəlxalq şəraitindən də asılı məsələdir. Ümumiyyətlə indiki məqamda Fələstin-İsrail münasibətlərinin normallaşdırılması üçün Azərbaycanın da müəyyən qatqısının ola biləcəyini düşünürəm.
Bu baxımdan Ceyhun Bayramovun İsrail bərabər, Fələstinə də səfər etməsi xüsusi əhəmiyyət kəsb edir".