Bizim Şuşa bəyannaməmiz var

Azərbaycan Parlamentində Kılıçdaroğlunun seçkiöncəsi “böyük layihə”si tənqid olundu

"Aramıza heç bir yad, əcnəbi kökənli ünsürlər girə bilməzlər”


  Milli Məclisin dünənki plenar iclasında bir neçə deputat Türkiyədə 14 mayda keçiriləcək seçki öncəsi müxalifətin prezidentliyə namizədlərinin Azərbaycan əleyhinə səsləndirdikləri ittihamları sərt tənqid ediblər. Millət vəkili Elnur Allahverdiyev deyib ki, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət iki dövlətlərdir. Lakin deputat təəssüflə qeyd edib ki, bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var: "Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, bu, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində yetərincə məlumatlı deyil. Ən azı ona görə ki, müvafiq rüsumlar ya əsas etibarilə ləğv olunub, ya da azaldılıb. Yəni bu sahədə Azərbaycan hökuməti ciddi liberallaşma tədbirləri həyata keçirib. Azərbaycanın postsovet məkanının dövlətləri ilə hələ ötən əsrin 90-cı illərindən hökumətlərarası sazişləri mövcuddur. Məhz buna görə onların avtomobillərindən tutulan rüsumlar fərqli idi. Ancaq yenə də qeyd etməliyəm ki, bu rüsumların çoxu artıq ləğv edilib və bu barədə ictimaiyyətin yanvarın sonlarından məlumatı var”.
  Parlament üzvü Türkiyədə prezidentliyə namizəd olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun "Yeni İpək yolu" layihəsini də tənqid edib. Deputat bildirib ki, müxalifət liderinin təqdim etdiyi "layihə" türk dünyasının birliyinə xidmət etmir:  “Müxalifət liderinin daha öncə təklif etdiyi İpək Yolu layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədə Azərbaycan və Qazaxıstan kənarda qalırlar? Yolun əsas hissəsi düşmənimiz Ermənistana açıq-aşkar kömək edən İran ərazisindən keçir. Qardaş ölkədə təqribən 180-200 min yük avtomobili sürücüsü var. Güman ki, müxalifətin liderinin bu bəyanatı onların səslərinə hesablanıb. Ancaq məlumat yanlış olmaqla bərabər, təəssüf ki, həm də bir kinayə, sarkazmla müşayiət olunur ki, bu da bizim ortaq keçmişimizə, bu günümüzə və sabahımıza yaraşmır".     
  E.Allahverdiyev deyib ki, bizim Çanaqqala savaşımız olub, Vətən müharibəmiz olub, bizim Şuşa bəyannaməmiz var: "Aramıza heç bir yad, əcnəbi kökənli ünsürlər girə bilməzlər. Odur ki, xalqlarımız və ölkələrimiz arasındakı münasibətləri xarakterizə  edən “Bir millət, iki dövlət” deyimini sarkazm mövzusu etmək Türkiyə kimi şanlı tarixi olan dövlətin prezidentliyinə iddia edən siyasətçiyə yaraşmır. Ümid edək ki, müxalifət lideri komandasının ona verdiyi bu informasiyanın səhv olduğunu tezliklə biləcək və fikirlərinə lazımi dəyişikliklər edəcək”. 
  Millət vəkili Qüdrət Həsənquliyev də deyib ki, əfsuslar olsun ki, qardaş ölkədə müxalifət funksiyasını yerinə yetirən bəzi partiyalar bu və ya digər formada Ermənistanı, Fransanı dəstəkləmiş olurlar: "Deputat həmkarım Elnur Allahverdiyevin çıxışını tam dəstəkləyirəm və Azərbaycana münasibətdə Türkiyədə səsləndirilən fikirlərdən dərin təəssüf hissi keçirirəm. Cənab Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz. Belə bir cəhd etmək istəyən şəxsləri də Türkiyə xalqı əfv etməz". 
  Deputat Fəzail Ağamalı da Türkiyənin ana müxalifət partiyasının liderinin Azərbaycandan yan keçən layihənin anonsunu verməsinə sərt reaksiya verib: "Özünü Türkiyənin baş müxalifəti adlandıran şəxsin sərsəm mövqeyi ortadadır. Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan qarşısında xidmətlərini heç vaxt unudan deyilik. Ümid edirəm ki, müdrik türk xalqı, Türkiyədə yaşayan bütün xalqlar Türkiyənin, türk dövlətlərinin daha da möhkəmlənməsi üçün mövqelərini ifadə edəcəklər”. Çıxışının sonunda F.Ağamalı 14 mayda Türkiyə xalqının indiki prezidentə yenidən etimad göstərəcəyinə inandığını vurğulayıb: “İnanıram ki, mayın 14-də türk xalqı Rəcəb Tayyib Ərdoğana səs verəcək və bu, türk dünyasının daha da möhkəmlənməsinə növbəti töhfə olacaq”.
  Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında videomüraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.