Ermənistan sülhə əngəl yaradır - Şərh

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq edib. Bildirilib ki, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Əgər Ermənistan bölgədə sülh və əmin-amanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.
 Məlum olduğu kimi, rəsmi Bakı Qarabağda yaşayan erməni sakinlərlə dialoqa başlayıb. Artıq birbaşa görüşlər də olub. Azərbaycan Qarabağdakı erməniləri Bakıya dəvət etsə də, təəssüf ki, hələ bu dəvətə müsbət cavab verilməyib. 
 Qarabağdakı erməni sakinlərlə birbaşa dialoq reinteqrasiya üçün ən optimal yoldur. 

 Reinteqrasiya perspektivdəki sülh üçün ən vacib məqamlardan biridir. Əgər bu məsələ həllini tapmasa, sülh ən yaxşı halda “kövrək” olacaq. Bunu Ermənistan hərbi-siyasi hakimiyyəti və sülhdə maraqlı olmayan tərəflər də bilir. Ona görə də reinteqrasiyaya mane olmaq istəyirlər. 

 İkincisi, Ermənistan hərbi - siyasi hakimiyyəti Qarabağdakı separatçılardan zaman - zaman, xüsusilə danışıqlar prosesinə zərbə vurmaq üçün istifadə edir. Əgər reinteqrasiya təmin olunarsa, İrəvan bu imkandan məhrum olacaq. Ona görə da Ermənistan sözügedən prosesə mümkün qədər mane olmağa çalışır. 

 Ermənistan hərbi- siyasi rəhbərliyi, o cümlədən baş nazir Nikol Paşinyan sülh prosesində maraqlı olduqlarını deyirlər. Əslində hazırkı reallıq da bunu tələb edir. Əvvəllər də dediyimiz hazırda sülh bizdən daha çox İrəvana lazımdır. Amma Ermənistanın Qarabağla bağlı işlərimizə qarışması bu dövlətin sülhlə bağlı səmimiliyini şübhə altına salır. 
 Rəsmi İrəvan unutmamalıdırlar ki, Qarabağ Azərbaycanın daxili işidir. Odur ki, Ermənistanın Qarabağla bağlı addım və qərarlarımıza qarışması birbaşa olaraq daxili işlərimizə müdaxilə kimi qiymətləndirilməlidir. Bu isə rəsmi İrəvan üçün yaxşı nəsə vəd etmir. Əksinə, Ermənistan bu cür addımlarla özü - özünü çətinə salır, onsuz da mürəkkəb olan durumunu daha da mürəkkəbləşdirir.  
Hazırda Ermənistan və region üçün sülhün alternativi yoxdur. Paşinyan bunu anlamalı və "düyünlərin açılmasına" səy göstərməlidir. 

Kənan Novruzov