Bakının Ukrayna ilə bağlı siyasəti milli maraqlara söykənir - Təhlil

İlham Əliyevin Kişineuda Zelenski ilə görüşü göstərdi ki, Azərbaycan tam müstəqil siyasət həyata keçirir


  İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Prezident İlham Əliyevlə Ukrayna rəhbəri V.Zelenski arasında da görüş olub. Liderlərin görüşündə Azərbaycan-Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

 Həmçinin bəyan edilib ki, Azərbaycanın Ukraynadakı yeni səfiri tezliklə fəaliyyətə başlayacaq. Zelenski də Azərbaycanın Ukraynaya humanitar yardımlarına təşəkkürünü bildirib, bunu çox yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.


  Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan-Ukrayna əlaqələri yüksək səviyyədədir. Analitik vurğulayıb ki, iki ölkə arasında siyasi-iqtisadi sahələrdə, ələlxüsus kənd təsərrüfatı sahəsində ciddi əməkdaşlıq mövcuddur:

 "Dövlət başçısının müharibədən əvvəl Ukraynaya səfəri, imzalanan ikitərəfli müqavilələr göstərdi ki, iki ölkə artıq strateji tərəfdaşdır. Hər iki dövlət GÜAM çərçivəsində də sıx əməkdaşlıq içindədir. Qərblə birgə tərəfdaşlıq hər iki ölkənin strateji xəttidir. Azərbaycanın Ukrayna ilə əlaqələri, münasibəti Rusiya faktoruna görə aşağı səviyyəyə enmədi. Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardımlar etdi, beynəlxalq müstəvidə ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Bu, rəsmi Bakının Kiyevə siyasi dəstəyinin ifadəsidir. Düşünürəm ki, postmüharibə dövründə də iki ölkə bütün sahələrdə əməkdaşlığı davam etdirəcək. Tarix boyu sadəcə dövlətlərimiz deyil, xalqlarımız arasında da münasibətlər yüksək səviyyədə olub. Ən əsası dövlət başçısının Kişineuda Zelenski ilə görüşü göstərdi ki, Azərbaycan tam müstəqil siyasət həyata keçirir. Rəsmi Bakının Ukrayna ilə bağlı siyasəti obyektivdir və milli maraqlara söykənir. Ona görə də Ukrayna rəhbərliyi ilə görüşlərdən imtina edilmir".