Paşinyan Ankaraya səfərə gedir


Baş nazir radikallardan çəkinməsəydi, Ərdoğan və İlham Əliyevlə üçlü görüş də reallaşardı


  Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya səfər edəcəyi deyilir. Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimində iştirak edəcəyi bildirilir. Ermənistan Nazirlər Kabineti xəbəri təsdiqləyib. Nazirlər Kabinetinin məlumatında bildirilib ki, Ermənistan Baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak üçün dəvət alıb. 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Ekspertin sözlərinə görə, İrəvanda erməni terrorçularına qoyulan abidə Ankara-İrəvan münasibətlərinin normallaşması prosesinə mənfi təsir edib: 

"Paşinyan üçün həmin abidəni götürmək çətin olmamalıdır. Necə ki, İrəvan metrostansiyalarının birinin girişində “Böyük Ermənistan” xəritəsini artıq siliblər. Xəritəni silən abidəni də götürə bilər. Paşinyan yerli radikallardan çəkinməsəydi, Ankarada Rəcəb Tayyib Ərdoğan və dövlət başçısı İlham Əliyevlə üçlü görüş də reallaşardı. Kişineuda Fransa və Almaniyanın iştirakı ilə “beşli formatda” keçirilən görüşdən sonra Ankarada “üçlü formatda” keçirilən görüş yerinə düşərdi".