Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla Azərbaycan tarixi qələbəyə imza atıb.
Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) göndərdiyi yardım Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması üçün Xankəndiyə yola salınıb.
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, bununla Azərbaycan növbəti diplomatik qələbələrindən birini əldə edib:
"Ağdam-Xankəndi yolu artıq işləkdir. Bizim hədəflərimizdən biri də bu yolun açılmasından ibarət idi. Ağdam-Xankəndi yolu ətrafında, Xankəndində humanitar böhranın aparılması ilə bağlı şou və dırnaqarası diplomatik blokada kampaniyası da bununla süquta uğradı. Artıq Ağdam-Xankəndi yolunun açılması bu yolun davamlı işləkliyinə səbəb olacaq. Həmçinin Azərbaycana qarşı dezinformasiya hücumları etmək heç bir əhəmiyyət kəsb etməyəcək. Böyük yüklər Ağdam-Xankəndi yolunda Azərbaycanın nəzarət və yoxlamasından keçəndən sonra Xankəndiyə keçəcək. Eyni zamanda Laçın yolundan sıravi insanlar istifadə edə bilərlər. Bu gün də Laçın yolu bağlı deyil. Azərbaycan Ağdam-Xankəndi yolunun açılmasından sonra da bu yolun bağlanılmayacağını vurğulayıb".