Regionda heç bir geosiyasi dəyişikliyi qəbul etmirik. İranın regionun geosiyasəti ilə bağlı mövqeyi dəyişilməzdir.
Bunu İranın müdafiə naziri Məhəmmədrza Aştiani hökumətin iclasından sonra Azərbaycan Respublikası ilə Ermənistan arasında yaranmış gərginliklə bağlı mediaya açıqlamasında deyib.
O, Qafqaz regionunda baş verən hadisələrin monitorini apararaq, bölgədə xüsusi bir hadisənin baş verməyəcəyi qənaətinə gəldiklərini söyləyib:
“Bununla bağlı Silahlı Qüvvələrin Baş Qərargahında müşavirə keçirilib. Mövqelərimiz kifayət qədər aydındır. Regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmirik və bu, hamıya aydındır”.
M. Aştianinin fikirlərini "Sherg.az"a dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, İran tərəfi bu bəyanatı verməklə üzərinə böyük məsuliyyət götürür:
"Çünki Cənubi Qafqazda xüsusilə də, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Mövcud atəşkəs rejimi isə dayanıqlı deyil. Ermənilər ötən bir il ərzində Azərbaycan Ermənistan sərhəddi boyunca dəfələrlə təxribatlara əl atıblar. Həmçinin Qarabağda Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə də qanunsuz silahlı birləşmələr qalmaqda davam edir. Rusiya sülhməramlıları isə onları himayə edir. Bu Ermənistanda revanşistlərin olduğunu göstərir və onlar hərbi əməliyyatlar ilə bağlı addımlar atmaq niyyətlərini gizlətmirlər.
Digər tərəfdən Gürcüstanda da hadisələr və proseslər başa çatmayıb. Gürcüstan ərazisinin bir hissəsi işğal olunub və rəsmi Tiflis tərəfindən qəbul edilməyib. Buna görə də Gürcüstanda münaqişəni bitmiş hesab etmək olmaz. Aştianinin regionda müharibə olmayacaq kimi bəyanatı birmənalı deyil. İran tərəfi Zəngəzur dəhlizinin açılmasını istəmir. İran iddia edir ki, bu Ermənistanın ərazi bütövlüyünün pozulması və İran Ermənistan arasındakı yolun kəsilməsidir. Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən edilmədiyinə, sülh müqaviləsi imzalanmadığına görə həm İranın, həm də onun təmsilçisi Aştianinin iddiaları uğursuzdur. Bütün bunların hamısının olmağı üçün Ermənistan tərəfi ilə Azərbaycan arasında normallaşma prosesi başa çatmalıdır. Əksi olduğu müddət ərzində regionda bu tip açıqlamaların verilməsi məntiqli deyil".