Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Prezidenti Rumen Radevlə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Sahibə Qafarovanı səmimiyyətlə salamlayan dövlət başçısı qeyd edib ki, Azərbaycan və Bolqarıstan, sadəcə, strateji tərəfdaş deyil, həm də çox yaxın ölkələrdir. Ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, ölkələrimizin regionlarımızın sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir. Bolqarıstan prezidenti ikitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə və bu il Bolqarıstana, özünün isə 2023-cü ilin martında Azərbaycana səfərlərini xoş təəssüratla xatırlayıb.
S. Qafarovanın Rumen Radevlə görüşünə münasibət bildirən politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında qeyd edib ki, bu parlamentlər arası dialoq olduğuna görə siyasi əhəmiyyəti çox vacibdir:
"Hər iki tərəf danışıqlar əsnasında öz mövqeylərini yaxınlaşdırır. Həm Bolqarıstanı, həm də Azərbaycanı maraqlandıran məsələlər ilə bağlı tərəflər fikir mübadiləsi keçirir və vahid mövqeləri müəyyənləşdirirlər. İki dövlət arasında münasibətlər çox yüksək səviyyəyə qalxıb. Azərbaycan Bolqarıstanın əsas qaz təchizatlarından biridir. Ölkəmizin enerjisi Bolqarıstana nəql olunur. Digər tərəfdən Bolqarıstan bizim regionumuzda Azərbaycanın iştirakı ilə keçirilən layihələrdə, o cümlədən yol nəqliyyat lahiyələrində yaxından iştirak etməyə can atır. Bunların hamısı ikitərəfli dialoqu yüksək səviyyəyə gətirib çıxarır. Son vaxtlar Bolqarıstan Balkan regionunda böyük lahiyələr həyata keçirir. Yeni qaz nəqliyyat infrastrukturanı qurur. Bu proses Azərbaycana Balkan yarımadasının qaz infrastrukturasına qoşulmasına imkan verir. Əlbəttə ki, burada da Bolqarıstanın rolu çox əhəmiyyətlidir. Gələcəkdə də münasibətlər yüksək səviyyədə olacaq. Həmçinin bu Azərbaycan Avropa İttifaqı münasibətlərinə də müsbət təsir edəcək".