Türkiyənin ana müxalifət partiyası CHP-də ilk dəfə olaraq başqan “müttəhim” qismində məhkəməyə çağırılıb. Keçmiş nazir Ərdoğan Bayraktarı "oğru" adlandırdığı üçün CHP sədri Kamal Kılıçdaroğlu üçün 2 il 4 ay həbs və siyasi qadağa tələb olunur.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğluna qarşı "dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə iddia qaldırılıb.
Jurnalist Barış Terkoğlunun verdiyi xəbərə görə, seçkilərdə millət vəkili olmadığı üçün toxunulmazlığı götürülən Kılıçdaroğlu ilə bağlı 3 gün əvvəl “Müttəhim: Kamal Kılıçdaroğlu” bildirişi göndərilib.
Bildirilib ki, məhkəmə prosesi 2024-cü il martın 7-də İstanbul 51-ci Cəza Məhkəməsində başlayacaq.
CHP lideri 9 il əvvəl, 2014-cü il noyabrın 26-da CHP-nin İstanbul bölgə toplantısında çıxışında verdiyi ifadələrə görə "dövlət məmurunu açıq şəkildə təhqir etmək"də ittiham olunur.
Kılıçdaroğlu üçün 1 il 2 ay həbs, 2 il 4 ay həbs və siyasi qadağa tələb olunur.